Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərin olduğunu qeyd edən Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ötən il iki ölkə arasındakı ticarət dövriyyəsinin 14 faiz artaraq 2,5 milyard dollara çatdığını dilə gətirib.
Moskvada keçirilən X Rusiya – Azərbaycan regionlararası forumdakı çıxışı zamanı Rusiyanın qeyri-xammal məhsullarının idxal-ixracında Azərbaycanın mühüm tərəfdaşı olduğunu deyən rusiyalı spiker Rusiyanın Azərbaycana birbaşa sərmayələrinin 1,5 milyard dollara yaxın olduğunu, hazırda Azərbaycan bazarında 700-dək birgə müəssisənin fəaliyyət göstərdiyini qeyd edib.
Şimal–Cənub nəqliyyat dəhlizinin təşəkkülündə də qarşılıqlı fəaliyyətin inkişafda olduğunu diqqətə çatdıran spiker bu dəhlizin Cənubi Asiyadan Azərbaycan və Rusiya təriqilə Avropaya daşımaları xeyli tezləşdirəcəyini, Avrasiyanın ən böyük nəqliyyat dəhlizinə çevriləcəyini bildirib.
İki ölkə arasındakı iqtisadi əməkdaşlığın inkişafı üçün regionlar səviyyəsindəki əlaqələrin əhəmiyyətli yer tutduğunu söyləyən V.Matviyenko hazırda RF-nin 72 inzibati vahidinin Azərbaycanla ticarət əlaqələrinə malik olduğunu, bunlar arasında Moskva və Moskva vilayətinin, Sankt Peterburqun qabaqcıl mövqelərdə olduğunu vurğulayıb.(report.az)
AzNews.az