Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
BNA bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edib:
“Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir”. (APA)
AzNews.az