Qarabağda kimlər yaşayırdı

21 May 2013 17:31 (UTC+04:00)
Orxan Fikrətoğlu


Suriyada baş verən son ixtişaşlar zəminində Azərbaycan ərazisi olan Dağlıq Qarabağa bu ölkədən iki min altı etnik erməıni ailəsi, altı yüz əlli dörd ərəb kökənli Suriya vətəndaşı köç edib.

Azərbaycan hökumətinin razılığı olmadan, bu insanların bizim ərazilərdə məskunlaşması, beynəlxalq hüquq normalarına ziddir. Bu qaçqınlar Azərbaycan ərazilərində mərkəzləşdirilmiş qaydada pasport qeydiyyatına durmamaqla Azərbaycan respublikasının milli maraqları zəmində təhlükəsizliyini kobud şəklidə pozurlar.

Azərbaycan dövləti BMT, Avropa Məhkəməsi və digər hüquq təsisatları qarşısında bu məsələ ilə bağlı iddialar qaldırmalıdır. Dağlıq Qarabağı işğal etmiş separatçı rejim, bölgəyə terrorçuları və təşkilatlanmış hərbi strukturları dəvət etməklə, Azərbaycan və Ermənistan arasında ATƏT çərçivəsində aparılan danışıqların sülh prosesinə yönəldilməsini də möhkəm zərbə altında qoyur. Bu erməni əsilli terrorçuların Qarabağa köçürülməsi təkcə Azərbaycanı deyil, ümumilikdə həm də bölgəni təhlükə qarşısında qoyur.

BMT-nin 2004-cü ildə qəbul etdiyi qaçqın və məcburi köçkünlərin yer dəyişməsi haqqındakı qanunda uyğun olaraq, Azərbaycan ərazilərini işğal etmiş Dağlıq Qarabağdakı separatçı erməni rejiminin öz başına bu insanları Azərbaycan ərazilərində yerləşdirmək hüququ yoxdur. Kimdir bu suriyalı ermənilər və onlar niyə Azərbaycana qaçır? Bu fakt məni düşündürdü. Əcaba, görəsən hüquqi baxımdan Azərbaycan ərazisi olan Dağlıq Qarabağda ümumiyyətlə, bu gün daha kimlər yaşayır? Mən inanmıram ki, orda yaşayanların hamısı Azərbaycan vətəndaşları olan Qarabağ erməniləridir. Bunu yoxlamaq üçün bizim bir dövlət olaraq Dağlıq Qarabağda polis reydi keçirtmək hüququmuz da var.

Öz ərazilərimizdə yaşayan Qarabağ ermənilərinin pasportlarını yoxlamaq bizim polislərin vəzifə borcudur. Amma Ermənilər, istər Ermənistan respublikası adından, istərsə də separatçı rejim adından buna əngəl olurlar. Bizim Qarabağı bəs kim bu zəmində hüquqi baxımdan kobud desəm, yoxlaya bilər? Sən demə, bunu ancaq ATƏT cənabları edə bilər. Yəni Rusiya, Fransa və Amerikanın razılaşdırdığı ora bura gedib gələn qurum... Onlar, işdir şayət əgər, haçansa birləşib, lapdan razılığa gəlsələr ki, Qarabağda moltanılar da küll halında yaşaya bilər. Moltanılar Qarabağda bizdən xəbərsiz yaşayar. Biz nə bilirik ki, orda kimlər yaşayır? Ora gedən ATƏT-dir. ATƏT də ki, nə sümükdür nə də ətdir. Görəsən, mən ATƏT-dən bir kərəm xahiş eləsəm, ya puluna minnət, gediş haqqını ödəsəm, o üç başlı əjdaha ATƏT sədr kimi Qarabağa şığıyıb oraları düzgün monitorinq edərmi? Eləməz. Məsələn, mən dəqiq bilirəm ki, o vədə, yəni 1990-cı ilin 20 yanvarında bizim qanımızı axıdan Rostov ermənilərinə Xankəndi ətrafında evlər verilmişdi. Görəsən, onlar acından hələ ölməyiblər ki?

Ermənistan respublikasının bütün kriminal strukturları bu gün işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşıb. Dağlıq Qarabağda narkotik plantasiyaları salınır. Ora dünyanın kriminal pullarının yuyulması üçün gizlin afşor zonadır. Dağlıq Qarabağın maliyyə strukturlarında Rusiyanın keçmiş müdafiə naziri Serdyukovun pulları bu gün də yuyulmaqdadır. Buna da göz yumulur. Cənablar, ərz eləyim qulluğunuzda ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir.

Suriya isə Azərbaycan ərazisi deyil. Ermənistan heç Azərbaycan ərazisi deyil. İndi Suriyalı ermənilər müsəlmanlar kimi ölmək istəməyib, puluna minnət, Azərbaycana qaçır. Xub. Amma bir məsələ var. Əvvəla kim mənə qarantiya verə bilər ki, bura gələnlər ermənilərdir. Məsələn, Bəşər Əsəd deyil? Kim məni inandıra bilər ki, Suriyada istifadə olunan kimyəvi silahlar ora işğal altında olan Dağlıq Qarabağdan aparılmır? Kim məni inandıra bilər ki Suriya müxalifətinin və ya Əsəd tərəfdarlarının Qarabağda hərbi bazaları yoxdur. Heç kim bu qələti eləməz. Çünki o ərazilər artıq qanuni deyil.

Və bizim hüququmuzun işləmədiyi yerdir. Və bu qanunsuz ərazilər illərdir ki, heç kəs tərəfindən yoxlanılmır da. Mən ki belə görürəm, ATƏT sınıq barmağa şor su tökən deyil. Əlac yenə öz əsgərimizədir. Qarabağa girib, orda yaşayan Azərbaycan vətəndaşları olan Qarabağ ermənilərini də o terrorçulardan xilas etmək lazımdır. Onlar da orda artıq əsirdir. Biz gec tez öz torpaqlarımızı geri qaytaracağıq. Onda Azərbaycan qanunda olmayanların hamısı həbs ediləcək. O cümlədən Suriya erməniləri də. Çünki onlar Azərbaycan qanunlarını pozub. Erməni olanda nə olar?

Anlamırsan ki bura Azərbaycan ərazisidir? Gəl bizdən icazə al da... Mən demirəm ki o bombanın altında öl. Mən onu deyirəm ki, qanun nədir bir anla da. Həmişə ATƏT sənin dalında durmayacaq ki...Bunların bir zəifləyən günləri də olacaq da...

AzNews.az