ARDNŞ-in yeni qurğusu istismara verildi

21 May 2013 17:40 (UTC+04:00)
Bu gün ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda mühüm əhəmiyyətli iki yeni istehsalat qurğusu - Susoyutma kompleksi və Azot-oksigen qurğusu istismara verilib.

Birliyin müəssisə və istehsalat sahələrinin müasirləşməsi, innovativ texnologiyalar əsasında yenidən qurulması proqramı üzrə yeni inşa edilmiş qurğuların işə salınaraq, istismara verilməsi mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, ARDNŞ-in rəhbər işçiləri və KİV nümayəndələri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları yeni Azot-oksigen kompleksinin inşa olunduğu əraziyə gəlmişlər. Burada qonaqlar səyyar stenddə nümayiş olunan köhnə və yeni azot-oksigen qurğularını əks etdirən foto-şəkillərlə tanış olublar. Burada məlumat verilib ki, yeni Azot-oksigen kompleksi 26 il əvvəl - 1987-ci ildə istismara verilmiş qurğudan xeyli fərqlənməklə böyük üstünlüklərə malikdir. Belə ki, yeni qurğu enerji sərfi baxımından qənaətlə işləməsi, texnoloji sxeminin müasir tələb və standartlar səviyyəsində qurulması, idarəetmənin avtomatlaşdırılaraq kompüter sistemi üzrə aparılması ilə, xüsusilə də ekoloji təmizliyi və xidmət personalının az olması ilə fərqlənir və olduqca səmərəlidir. Əsas funksiyası Etilen-polietilen zavodunun azot və oksigenə tələbatının ödənilməsi olan, lakin müəssisənin əsas istehsalat sahələrindən xeyli uzaqda - "Üzvi sintez" zavodunun ərazisində fəaliyyət göstərmiş köhnə qurğu həm istismarının mürəkkəbliyi və çətinliyi, həm də mənəvi və fiziki cəhətdən aşınması səbəbindən günün tələblərinə cavab verməməklə yanaşı, həm də azot və oksigenin uzaq məsafədən nəqli və bu zaman məhsul itkisinə yol verilməsi baxımından da əlverişli deyildi.
Diqqətəlayiqdir ki, qurğunun bütün tikinti-quraşdırma işləri "Azərikimya"nın Təmir-tikinti İdarəsi tərəfindən yerinə yetirilmişdir.
Sonra qonaqlar müəssisənin ərazisində inşa olunmuş daha bir yeni qurğu ilə - müasir tipli Susoyutma kompleksi ilə tanış olmuşlar. Burada bildirilmişdir ki, yeni qurğu 25 ilə yaxın - 1988-ci ildən etibarən fəaliyyət göstərən, lakin fiziki və mənəvi baxımdan köhnəlməsi üzündən təmir və istismarı böyük xərclər tələb edən əvvəlki qurğunun əvəzində inşa edilmişdir. İnnovativ texnologiyalar əsasında qurularaq, daha səmərəli olan yeni kompleks sahəsi 1600 m2 və tutumu 3000 ton olan susoyutma hovuzuna, avtomatika və kompüter sistemi ilə idarə olunan suvarma və ventilyasiya qurğularına, diffuzor sisteminə, ingibitor bölməsinə və s. malikdir. Diqqətə çatdırılmışdır ki, icraçı təşkilat - ARDNŞ-nin "Neftqaztikinti" Tresti tərəfindən inşa edilmiş yeni qurğu bir saat ərzində müəssisənin "EP-300" kompleksi üçün 21 min m3 həcmində dövri suyun soyudulmasını təmin edəcək.

Yeni qurğunun istismarı zamanı hovuz daxilindəki avadanlıqların korroziyaya uğramaması məqsədilə həmin sahəyə daxil olan konstruksiyalar və qovşaqlar paslanmayan metaldan və FRP tipli bərk, davamlı plastik materiallardan hazırlanmış, dövri istehsalat sularının nəqli üçün isə yerli - Sumqayıt istehsalı olan kompozit borulardan istifadə edilib.

Qurğunun texnoloji avadanlıqları Fransanın "HAMON Thermal Europe" şirkəti tərəfindən hazırlanmış, NÖC və avtomatika, həmçinin elektrik sistemlərinin quraşdırılma-sazlanma işləri fransız mütəxəssislərin iştirakı ilə aparılıb.

Yeni qurğuların istifadəyə verilməsi ilə Etilen-polietilen zavodunun hər iki istehsalatının - "EP-300" və "Polimir-120" komplekslərinin daha səmərəli, stabil və etibarlı fəaliyyəti təmin ediləcək.

ARDNŞ prezidenti Rövnəq Abdullayev Etilen-polietilen zavoduna səfərinin sonunda jurnalistləri maraqlandıran çoxsaylı suallara cavab verib.

AzNews.az