Keçmiş baş nazir özünü təqsirkar hesab etmir

21 May 2013 18:55 (UTC+04:00)
Gürcüstanın keçmiş baş naziri, hazırda "Vahid Milli Hərəkat" Partiyasının baş katibi Vano Merabişvili ona qarşı irəli sürülən dövlət vəsaitlərinin məqsədsiz xərclənməsi ittihamı ilə bağlı özünü təqsirkar hesab etmir.

APA-nın "Qruziya Online" xəbər portalına istinadən verdiyi məlumata görə, bunu bu gün Vano Merabişvilinin vəkili Georgi Çiviaşvili bəyan edib.

"O saxlanılıb. Hələlik ittiham rəsmi təqdim olunmayıb. Söhbət bir neçə maddədən gedir. Əlbəttə, o hər hansı maddə üzrə özünü təqsirkar hesab etmir. Bundan əlavə, o bu ittihamı gülünc və tamamilə cəfəngiyat hesab edir. Rəsmi ittiham ona bu gün, ya da sabah təqdim olunacaq. Bundan sonra maddələr də dəqiq məlum olacaq", deyə vəkil bildirib.

Xəbər verildiyi kimi, Gürcüstanın keçmiş baş naziri və keçmiş daxili işlər naziri, hazırda ölkənin əsas müxalifət qüvvəsi - "Vahid Milli Hərəkat" Partiyasının baş katibi olan Vano Merabişvili həbs edilib.

V. Merabişvili bu gün Kutaisi şəhərindəki Qərbi Gürcüstan Dairə Prokurorluğunda dindirildikdən sonra saxlanılıb.

Sabiq baş nazir məşğulluq üzrə dövlət proqramının həyata keçirilməsi zamanı qanunsuzluqlara yol verilməsi, 2011-ci il mayın 26-da müxalifətin Tiflisdə keçirdiyi kütləvi etiraz aksiyasının dağıdılması və 2006-cı il yanvarın 28-də bank işçisi Sandro Qirqvilianinin qətlə yetirilməsində ittiham edilir.

V. Merabişvil ilə birlikdə Kaxeti bölgəsinin qubernatoru Zurab Çiaberaşvili də saxlanılıb.

AzNews.az