Qorxulu yuxuların faydası varmış – Elmi sübut olundu

26 Noyabr 2019 13:14 (UTC+04:00)

Cenevrə universitetinin alimləri amerikalı həmkarları ilə birlikdə aydınlaşdırıblar ki, pis yuxular insana əsəb sistemini “məşq etməyə” kömək edir, nəticədə o, real həyatda mümkün stress şəraitlərinə reaksiya verməyə daha hazır olur.

AzNews.az-ın məlumatına əsasən, məqalə “Human Brain Mapping” jurnalında yerləşdirilib.

Mütəxəssislər əmindirlər ki, pasiyentləri təşviş vəziyyətindən çıxarmaq üçün yuxulara terapevtik üsul kimi müraciət etmək olar.

Tədqiqatda 18 nəfərin iştirak etdiyi bildirilir. Mütəxəssislər elektroensefaloqramın köməyi ilə yuxu zamanı beynin müxtəlif sahələrinin fəallığını araşdırıblar.

Nəticədə məlum oldu ki, yuxuda qorxu hissinə adacık payı və beynin ön qurşaq qabığı cavabdehdir.

Adacıq payı oyanan zaman emosiyaların yaranmasına təsir göstərir və qorxu hiss edən zaman sistematik şəkildə aktivləşir. Ön qurşaq qabığı isə orqanizmi təhlükəyə reaksiya vermək üçün hazırlamağa kömək edir.

Alimlər 89 nəfərin iştirak etdiyi ikinci eksperiment nəticəsində müəyyən ediblər ki, insan yuxuda nə qədər qorxursa, ada payı və qurşaq qabığı bir o qədər az aktivləşir.

Beləliklə, yuxudakı emosiyalar və ayıqlıq arasındakı əlaqə müəyyən edilib.

AzNews.az