Fuad Qəhrəmanlı “15 manat” qalmaqalından danışdı

21 May 2013 20:20 (UTC+04:00)
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı haqqında yayılan məlumatlara aydınlıq gətirib.

Modern.az-ın məlumatına görə, AXCP rəsmisi partiyanın Masallıda keçirilən müşavirəsində iştirak etmək üçün sakinlərə 15 manat pul payladığı, hətta bir neçə rayon sakininə borclu qalması ilə bağlı xəbərlərin uydurma olduğunu deyib.

"Guya mən AXCP-nin Masallı müşavirəsini keçirməkdən ötrü iştirakçılara adambaşı 15 manat pul vermişəm. Bu saxta informasiyanın təşkil olunmuş qaydada bir neçə saytda yer alması onu göstərir ki,AXCP-nin yerlərdə keçirdiyi müşavirələrdən narahat olan iqtidar bu tədbirlərin qarşısını almaq üçün hər yola əl atır.

İnsanlar belə dezinformasiyalara görə onu uyduranlara gülürlər. Çünki bu müşavirələrə qatılan şəxslərə yerli hakimiyyət orqanları tərəfindən çeşidili təzyiqlər göstərilir. Ona görə də heç bir "15 manatlıq adam" bu qeyri-ciddi məbləğ qarşılığında gəlib bu cür tədbirlərdə şəkil çəkdirməyə cəsarət etməz. Və ən nəhayət bizim ən kiçik yerli təşkilatımızın üzvlərinin sayı 100-dən artıqdırsa kənardan adam kirayələməyə ehtiyacımız yoxdur"-deyə F.Qəhrəmanlı açıqlama verib.

AzNews.az