Tanınmış yazar cəbhəçiləri “çuşka” adlandırdı - QALMAQAL

22 May 2013 09:48 (UTC+04:00)
Tanınmış yazıçı-publisist Seymur Baycan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərini çuşka adlandırıb.

AZNEWS.AZ-ın məlumatına görə, yazar bu barədə şəxsi "facebook" hesabında yazıb. Yazıçı sosial şəbəkədəki qeydində yazıb ki, o, AXCP-çi gənclərin təfəkkürünün, geyiminin dəyişməsi, onların kitab oxumaları üçün çox şey edib. S.Baycan təəssüf edir ki, onun bu zəhməti hədər gedib:

"...Hələlik onu deyə bilərəm ki, mən o uşaqların təfəkkürünün, geyiminin dəyişməsi, onların kitab oxuması üçün hər şey etdim. Zamanında bir dəstənin qarşısında dayandım. Yoxsa "çuşka", "qarakurtka"lı möhürünün altında əziləcəkdilər. Bu adlardan onları bacardığım qədər qorudum. Əfsuslar olsun ki, zəhmətim hədər getdi".

Qeyd edək ki, ötən həftə tanınmış yazıçı ilə AXCP sədri Əli Kərimli arasında "məktub qalmaqalı" yaşanmışdı. S.Baycan sosial şəbəkədə yazdığı qeydində bildirmişdi ki, Ə.Kərimliyə məktub yazıb, lakin partiya sədri məktuba cavab verməyib.

Bunun ardınca isə cəbhəçi gənclər, konkret AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı yazıçını yalançılıqda ittiham etmişdi. O bildirmişdi ki, Ə.Kərimli S.Baycanın məktubuna 1 ay sonra cavab verib və gec cavab verdiyi üçün də üzrxahlıq edib. Bu məsələ üzərindən isə yazıçı ilə cəbhəçi gənclər arasında soyuq müharibə başlamışdı.

Anar
AzNews.az