Vəkillər və hakimlər birgə dəyirmi masada iştirak etdilər - FOTOLAR

30 Noyabr 2019 15:42 (UTC+04:00)

Bu gün Bakı şəhəri Park İnn mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının birgə təşkilatçılığı ilə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanından irəli gələn tələblərin icrası ilə əlaqədar dəyirmi masa keçirilmişdir.

20-dən artıq hakim, 40-dan çox vəkil, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin təmsilçilərinin iştirakı ilə keçirilən dəyirmi masanın keçirilməsinin məqsədi hakimlər, vəkillər, cinayət təqibini həyata keçirən orqanların əməkdaşları arasında qarşılıqlı prosessual münasibətlərə işıq tutulması, bu sahədə qarşılaşıla bilən problemlərin təhlili təşkil edir.

Tədbiri giriş söz ilə açan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov ölkəmizdə məhkəmə-hüquq islahatları çərçivəsində aparılan mütərəqqi islahatlar, hazırda təcrübədə rastlaşılan vəkil-hakim münasibətlərinin etik tərəfləri barədə məlumat vermişdir.

Daha sonra, Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanın hakimlər, vəkillər, cinayət təqibini həyata keçirən orqanların əməkdaşları arasında münasibətlər baxımından əhəmiyyəti, vəkillərin aparılan məhkəmə-hüquq islahatlarında rolu, Vəkillər Kollegiyası ilə Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqı arasında əməkdaşlıq münasibətlərin zəruriliyi barədə çıxış etmişdir. Bundan başqa, Anar Bağırov öz çıxışında vəkillər və hakimlər arasında bu formatda tədbirin ilk dəfə keçirildiyini xüsusi olaraq vurğulamışdır.

Tədbir çərçivəsində Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun “Hakimlər, vəkillər, cinayət təqibini həyata keçirən orqanların əməkdaşları arasında münasibətlərin prosessual və etik aspektləri – hakim baxışı”, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun “Hakimlər, vəkillər, cinayət təqibini həyata keçirən orqanların əməkdaşları arasında münasibətlərin prosessual və etik aspektləri – vəkil baxışı”, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Sima Yaqubovanın “Vəkillərin məhkəmələrdə davranışına dair beynəlxalq standartlar” mövzusunda təqdimatları dinlənilmişdir.

Sonda dəyirmi masa öz işini diskussiya və maraqlı fikir mübadiləsi ilə davam etdirmişdir.(barassociation.az)

AzNews.az