FETÖ uzantıları, radikallar və söyüşçülərin ortaq bayramı…

1 Dekabr 2019 18:56 (UTC+04:00)

Sosial media bir barometrdir. İnsanlara, olaylara münasibəti öyrənmək üçün. Bunu dünən yazdığım “Biz, insanlara vəzifəsinə deyil, şəxsiyyətinə görə dəyər verərik” adlı yazıya münasibətdə də gördüm. Həm də diqqətimi çəkən bəzi rəqəmlər oldu ki, onları hörmətli oxucu-izləyicilərimlə paylaşmaq istərdim.

Hər şeydən əvvəl onu qeyd edim ki, yazının dərcinin ardından şəxsi internet saytımın (www.azerhasret.com) ziyarətçilərinin sayı 10 dəfədən də çox artdı. Adını çəkdiyim yazı diqqət çəkmişdi və məhz onun hesabına saytıma müraciət edənlər çoxalmışdı.

Yazının altındakı rəqəmlər də diqqətçəkəndir. Hazırda, yəni bu qeydləri qələmə almaqda olduğum anda yazını ümumilikdə Facebook üzərindən 325 nəfər bəyənib. Göstərici, əlbəttə ki, diqqətçəkəndir.

Yazını Facebook-da özüm də paylaşmışdım və maraqla gözləyirdim ki, reaksiya necə olacaq. Burada da rəqəmlər ürəkaçandır. Min 8 yüzə qədər izlənmə var. İnteraktivlik 6 yüzə qədərdir. Yüzdən çox bəyənmə qeydə alınıb. 29 dəfə isə paylaşılıb! Bu rəqəmlər cəmi 5 min 5 yüz izləyicisi olan, adətən bir neçə yüz reaksiya ilə diqqət çəkən Facebook səhifəm üçün olduqca böyük rəqəmlərdir.

Bu statistikanı gözdən keçirəndə bir neçə maraqlı məqamı qeyd etmək zərurəti yarandı.

Birincisi, yazı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun işdən ayrılması və şəxsi haqqında idi. Bu baxımdan diqqət çəkməsi gözlənilirdi.

İkincisi, yazıya verilən reaksiyalar və onun əsasən xoş məramla paylaşılması bir daha göstərir ki, Əli Həsənov vəzifədən ayrılsa da cəmiyyət içində nüfuzu və hörməti yerindədir. Özəlliklə, bundan sonra da Prezident İlham Əliyevin əsgəri olaraq yola davam edəcəyini bəyan etməsi ona olan hörməti nəinki azaltmayıb, əksinə, bizim kimi insanların gözündə onu daha da yüksəldib. Elə buna görə də yazdığımız yazıya böyük əksəriyyət müsbət yanaşıb, Əli Həsənova sayğısını ifadə edib.

Bizim yazımız öz yerində, başqa müşahidələrimiz də var.

Diqqətimizi çəkən odur ki, Əli Həsənovun vəzifədən uzaqlaşması fərqli siyasi düşərgələrdə yer alan bəzi insanlar arasında toy-bayrama səbəb olub.

FETÖ uzantıları açıq şəkildə öz sevinclərini ifadə edirlər. Onlarla bərabər “radikal müxalifət” dediyimiz qaragüruh kəsimi də bayram ovqatındadır. Əli Həsənovun işdən ayrılmasından xoşhal olanlar arasında söyüşçü-mühacir müxaliflər də ön sıralarda yer alır. Maraqlıdır ki, bu üç kateqoriyadan olanların hamısı səs-səsə verib bayram edirlər. Anlaşılan, bunların işbirliyi içində olduğu haqqında dediklərimiz bir daha öz təsdiqini tapır. Sevinirlər ki, Əli Həsənov daha vəzifədə deyil…

Bir maraqlı müşahidəm də var. Dünənə kimi Əli Həsənova sadəcə salam vermək üçün növbəyə düzülənlərin bəziləri elə dünəndən onun bostanına daş atmağa başlayıblar.

Hələlik bu qədər…

Azər Həsrət