Tehran daha azərbaycanpərəst siyasət yürütsə...

2 Dekabr 2019 14:16 (UTC+04:00)

Təxminən bir-iki il bundan əvvəl də belə olmuşdu. Soyuq dekabr günlərində İranda ciddi siyasi etirazlar baş qaldırdı. ABŞ siyasətçiləri və diplomatları dərhal etirazçılara dəstək verməyə tələsdilər, amma ümidlər doğrulmadı və İran rejimi nəinki çökmədi, hətta laxlamadı da.

O vaxt belə deyildi ki, İrandakı istənilən etiraza Təbriz qatılmasa bundan bir fayda olmaz. Odur ki, bu dəfəki etirazların coğrafiyasını ciddi şəkildə izləməyə çalışdıq – Təbrizin də adı hallandı, amma sürəkli şəkildə yox...

Tehran rejimi əlbəttə ki, ABŞ-ı möhkəm hədələdi və pislədi. Amma baxaq, görək, Vaşinqton Tehran rejiminin çözməsində heç maraqlıdırmı? Bəli, etirazlar baş qaldırandan dərhal sonra dövlət katibi M.Pompeo belə bir bəyanat yaydı ki, prezident D.Tramp İran liderlərilə görüşməyə hazırdır və o, yalnız “D.Tramp qoy, getsin öz evsizlərinin və yoxsullarının hayına qalsın!” bəyanatını eşidəndən sonra Ağ Evin siyasətçi və diplomatları siyasi deklarasiyalar şəklində etirazçılara dəstək olmağa başladılar...

Niyə belə olur? Səbəb çox sadədir: bəlkə də İran inqilabının qırx ili ərzində ABŞ hökuməti heç vaxt Tehran rejimini ciddi şəkildə çökdürmək fikrində olmayıb və indi də özünün tələsik bəyanatı ilə bunu bir daha təsdiq etdi; etirazçılar Vaşinqtona sadəcə, İran rejiminə əlavə təzyiq üçün lazım idi və hipotetik olaraq qəbul etsək ki, Tehran rejimi də qorxaraq, ehtiyat edərək Vaşinqtonla danışıqlara getməli oldu, o halda birmənalı şəkildə demək olar ki, ABŞ İrandan istədiyini alandan sonra etirazçılara özünün siyasi dəstəyini dayandıracaqdı. Niyə görə? Ona görə ki, Vaşinqton islam ölkələrində hakimiyyətləri tamam başqa cür, tamam başqa ssenarilərlə dəyişməyə alıb: buranın da öz İŞİD-ləri peyda olmalı və idarə olunan xaos yaradılmalıdır.

Belədə isə İran rejimini demokratik bir qüvvə əvəz edə və İran gələcəkdə inkişaf edə bilərdi ki, bu da ABŞ-ın siyasətçilərinin və diplomatlarının planlarına daxil deyil. Odur ki, elə İran müxalifətçiləri və etirazçıları arasında da ABŞ-a qarşı inam elə də böyük və sürəkli deyil, əksinə ABŞ öz siyasi dəstəyilə etirazçıların işinə daha çox ziyan vurur desək, çox da böyük səhvə yol vermərik...

Elə bu səbəbdən də ABŞ-ın İrana qarşı apardığı siyasətə hansısa bir dövlətin dəstəyi yoxdur, sadəcə, qorxudan, ehtiyat edərək sanksiyalarla hesablaşmaq tendensiyası var.

Bizim Azərbaycanın bu məsələlərə münasibətinə gəldikdə isə, bu, da yetərincə bəllidir; əvvəlki dövrlərdə oluduğu kimi, Bakı dəfələrlə rəsmən bəyan edib ki, o, nəinki cənub qonşusuna qarşı sanksiyalara qoşulmaq fikrində deyil, əksinə öz ərazisindən heç vaxt qonşularına, o cümlədən də İrana qarşı istifadə etməyə imkan verməyəcək.

Odur ki, bəzi erməni mənbələrinin İrandakı etirazlarda guya Bakının da əlinin olmasına dair sayıqlamalarına gəldikdəsə, bunların haqqında danışmaq, ümumiyyətlə, gülünc məsələdir, çünki İranla Azərbaycan arasındakı yaxınlıq heç də təkcə təriqət və coğrafiya yaxınlığı deyildir, bu daha geniş spektri əhatə edir: mübaligəsiz demək olar ki, müasir Azərbaycan xalqının etnogenezində, onun mədəniyyətinin formalaşmasında İran amilinin rolu, heç də türk amilindən az deyil və düşünəndə adama elə gəlir ki, ermənilər öz sərsəm xülyaları ilə az qala “əti dırnağa qarşı” qoymağa çalışırlar...

Aydın məsələdir ki, İran amililə bağlı ermənilərin həm planları, həm də böyük narahatlıqları var. Plan məsələsi belədir ki, İranla ticari və iqtisadi əlaqələr İrəvan üçün müstəsna əhəmiyyət kəsb edir. Elə narahatlıq da bu aspektdən yaranır: İran bu əlaqələri azaltmaq və məhdudlaşdırmaq fikrinə düşsə, İrandakı türklər öz hakimiyyətlərindən daha azərbaycanpərəst siyasət yürütməyi tələb etsə, o halda Ermənistan hansı hala düşər?

Bəli, İrəvanın narahatlıqları bununla bağıldır. Biz hələ onu demirik ki, bunların Avrasiya Birliyini Fars körfəzinə qədər böyütmək, İranı da bu təşkilata üzv etmək kimi sərsəm planları var və təsadüfi deyil ki, Birlik ölkələrinin sonuncu İrəvan sammitinə İran prezidenti H.Ruhani də dəvət almışdı. Amma nəticəsi nə oldu? Ruhani İrəvanda da ABŞ - ın qarasınca deyinib öz ölkəsinə qayıtdı...

Hüseynbala Səlimov