Rusiya “Sibir gücü” qaz kəməri ilə Çinə qaz çatdırmağa başladı

2 Dekabr 2019 14:48 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin telekörpü rejimində Rusiya qazının “Sibir gücü” kəməri vasitəsi ilə Çinə çatdırılması prosesinə start veriblər.

TASS informasiya agentliyinə istinadla xəbər verilir ki, dekabrın 2-də qaz kəmərinin Yakutiyanın Çayandin yatağından Çinlə sərhəddə yerləşən Blaqoveşensk yaşayış məntəqəsinə qədər olan 2200 kilometrlik sahəsinin açılışı olub.

İkinci mərhələdə magistralın Kovıktin yatağından Çayandinə qədər uzanan 800 kilometrlik hissəsi işə salınacaq. Beləliklə də “Sibir gücü” qaz kəmərinin ümumi uzunluğu 3 min kilometr təşkil edəcək.

Rusiyanın “Qazprom” və Çinin CNPC kompaniyaları 2014-cü ildə illik 38 milyard kubmetr qazın tədarükünə dair 30 illik müqavilə imzalayıblar. Müqavilənin ümumi dəyəri təxminən 400 milyard dollar təşkil edir.

Qaz kəmərinin inşası beş ilə yaxın davam edib və 1,1 trilyon rubla başa gəlib.

“Sibir gücü” – qazın İrkutsk və Yakutiya hasilat mərkəzlərindən Uzaq Şərqdəki rusiyalı istehlakçılara və Çinə çatdırılması üçün nəzərdə tutulan magistral kəməridir.

AzNews.az