Ukraynalı akademik və Hikmət Cavadov Elçin Babayevin qəbulunda

2 Dekabr 2019 16:20 (UTC+04:00)

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Universitetin 100 illik yubileyində iştirak etmiş Ukrayna Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun direktoru, tanınmış hüquqşünas alim, akademik Yuri Sergeyeviç Şemçuşenko və İnstitutun baş elmi işçisi, hüquq üzrə elmlər doktoru Hikmət Cavadovu qəbul edib.

Görüşdə Bakı Dövlət Universiteti ilə Dövlət və Hüquq İnstitutu arasında elmi-tədqiqat və təcrübə mübadiləsini təşviq etmək məqsədi ilə, tədqiqatçıların qarşılıqlı səfərləri, birgə beynəlxalq konfranslar və tədqiqat layihələri, müştərək proqram və seminarların keçirilməsi müzakirə edilib.

Universitetin 100 illik yubiley tədbirlərində həmçinin Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin rektoru, professor Christian Tietje və Beynəlxalq iqtisadi hüquq kafedrasının müdiri, professor Azər Əliyev, Fransanın Lion-2 Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, professor Jim Walker və Hüquq fakültəsinin dekanı, professor Guillaume Protiere də iştirak ediblər.

Bakı Dövlət Universiteti ilə Martin Lüter adına Halle-Vittenberq Universiteti arasında imzalanmış Sazişə əsasən hüquq sahəsində birgə doktorant hazırlığı həyata keçirilir və rektor Christian Tietje yubiley tədbirində çıxışı zamanı Hüquq fakültəsinə bir təqaüd proqramının ayrıldığını səsləndirib.

Fransanın Lion-2 Universiteti ilə “Əqli mülkiyyət hüququ” magistratura ixtisaslaşması üzrə imzalanmış Niyyət Protokoluna əsasən 2020-ci ildən etibarən bu istiqamətdə birgə kadr hazırlığlı həyata keçiriləcək.

AzNews.az