Oğuzdakı kilsə mübahisəsi səngimir
22 May 2013 11:28 (UTC+04:00)
Oğuz şəhərində fəaliyyət göstərən Qriqoryan kilsəsi təmirdən sonra Alban kilsəsinə çevrilib. Xatırladaq ki, Azərbaycan Milli Araşdırma Asossasiyasının rəhbəri İdris Heydərli AzNews.az-a açıqlamasında 19-cu əsrin 2-ci yarısına aid edilən həmin kilsənin adının dəyişdirilərək "Alban kilsəsi" adlandırılmasının ermənilərə xidmət olduğunu deyib.
AzNews.az kilsənin albanlara, yoxsa ermənilərə aid olduğunu və bu böyük səhvin izini araşdırmağa çalışıb. Lakin qəribə də olsa, hələlik nə qəti fikrin əks olunduğu mütəxəssis, nə də rəsmi qurum rəyi əldə edə bilməmişik. Səbəbi isə onunla bağlıdır ki, bu sahənin mütəxəssisləri araşdırmağa başlamaq üçün yazılı müraciət tələb edir, rəsmi qurum olan Mədəniyyət və Turizm Nazirliyi isə yanlış siyahı ilə işləyir.
Belə ki, Mədəniyyət və Turizm Nazirliyi mühafizəsini həyata keçirdiyi kilsədə baş verənlərdən xəbərsiz görünür. Qurumun Mədəniyyət abidələrinin mühafizəsi sektorunun rəhbəri Arif Əliyev AzNews.az-a açıqlamasında bildirib ki, kilsə ilə bağlı hər hansı fikri mütəxəssis deyə bilər:
"Kilsənin erməni yoxsa alban kilsəsi olduğu ilə bağlı Memarlıq və İncəsənət institutunun mütəxəssisləri rəy verə bilər. Onlara müraciət etsəniz, daha dəqiq məlumat əldə edə bilərsiniz".
Kilsə üzərindəki dəyişikliyə gəlincə, A.Əliyev deyib ki, abidələrin siyahısı 2001-ci ildə müəyyən olunub. Elə həmin siyahıya əsasən də, ola bilsin ki, Qriqoryan kilsəsi alban kilsəsinə çevrilib: "Orada bəzi səhvlər var. Həmin siyahıda indi dəqiqləşdirmə aparırıq".
Məlumat üçün bildirək ki, kilsə tarixini göstərən lövhələr dağıdılıb və ya üstü sementlənib. Bütün sübutlar aradan qaldırılıb. Görəsən, bundan sonrakı "dəqiqləşdirmə" nəyi dəyişəcək?
A.Əliyev təmir prosesində baş verən sementlənmə və ya dağıdılma baş veribsə, bunun araşdırılmalı olduğunu bildirib: "Sementlənibsə, bu bizə aid məsələdir və narahatlıq yaradır. Odur ki, bunu araşdıracağıq".
AzNews.az Memarliq və İncəsənət İnstitutunun mütəxəssislərinin də rəyini almağa çalışıb. Oradan isə bildiriblər ki, hər hansı abidə üçün mütəxəssis rəyi yazılı müraciət əsasında verilir: "Lakin deyə bilərik ki, abidələrin tarixinə dair izləri silmək kimi faktlara biz də rast gəlmişik. Alban katalikosluğunun erməni kilsəsinə birləşməsindən sonra ermənilər təmir və bərpa işləri görərkən kilsələrdə abidənin albanlara aid olduğunu göstərən daşları çıxarıb".
Alban-Udin Cəmiyyətinin rəhbəri Robert Mobili də qeyd edib ki, kilsənin albanlara aid olduğu birmənalıdır: "Albanların tikdiyi kilsələri fərqləndirən bir çox əlamətlər var. Azərbaycanda hazırda böyük bir layihə həyata keçirilir. Bütün bu mübahisəli abidələrin hər biri araşdırılacaq. Ancaq mən birmənalı şəkildə deyirəm ki, həmin abidə albanlara aiddir".
İdris Heydərli isə iddiasında israrlıdır. Onun sözlərinə görə, Oğuz şəhərindəki 2 kilsədən biri XİX əsrin 20-30-cu illərində Türkiyədən və İrandan ölkəmizə köçü başlanan ermənilərin özləri üçün tikdirdiyi Qriqoryan kilsəsi olub. Azərbaycan müstəqillik qazanandan sonra həmin Qriqoryan kilsəsi dönüb olub Alban kilsəsi: "Bütün tarix və yazıların qeyd olunduğu lövhələr dağıdılıb və ya üzəri sementlənib. Binanın üzərinə isə "Alban kilsəsi" lövhəsi vurulub. Bununla da kilsənin yaşını böyüdüb, real tarixini gizlədiblər. Nəticədə, ermənilərin həmin kilsənin təxminən min yaşı olması barədə, həmçinin, ermənilərin Azərbaycanda qədim dövrlərdən yaşadıqlarına dair iddialarını təkzib edən faktları aradan qaldırmış olublar".
Kilsənin alban məbədi olması ilə razılaşmayan İdris Heydərli AzNews.az-a bildirib ki, təqribən 1850-ci ildə tikilən kilsə yanlış siyasətin nəticəsi olaraq "alban kilsəsi" adlandırılıb: "Azərbaycanda bu sahədə həyata keçirilən dayaz düşüncəli siyasətin nəticəsidir ki, erməni kilsəsinin qarşısına alban məbədi ilə çıxmaq, erməni kilsələrinin varisliyini də udilərə vermək istəyirlər. Azərbaycanda məbəd, monastır və kilsələr fəaliyyət göstərib. Albanlara aid məbədlərin də erməni kilsələrindən xeyli fərqləri var. Kilsə institutlaşmış qurumdur. Sözügedən kilsə məhz kilsə kimi tikilib. Sonradan kilsəyə çevrilmiş məbəd olmadığı aydın görünür".
Ruhiyyə
AzNews.az