Soyuq ayların başlaması ilə xəstəliklər də üzə çıxmağa başlayır. Hətta mübarizə aparmağımıza baxmayaraq bu xəstəliklərdən asanlıqla yaxa qurtara bilmirik.
Bəs bunun əsas səbəbləri nə ola bilər? Bunun qidalanmamızla bir əlaqəsi varmı? Soyuqdəymə və infeksion xəstəliklərlə mübarizədə hansı qidalardan istifadə etməliyik
Bu sualların cavabını tapmaq üçün AzNews.az həkim-endokrinoloq Xuraman Rəcəbovadan açıqlama alıb.
Həkim öz sözlərində adətən payız və qış aylarında insan orqanizminin soyuqdəyməyə və infeksion prosesslərə qarşı həssas olduğunu vurğulayıb.
“Xüsusi ilə də yuxarı tənəffüs yollarının xəstəlikləri, kəskin respirator virus infeksiyaları daha çox müşahidə olunur. Soyuqdəymə və ya qriplə mübarizədə müalicənin düzgün getməsi və müsbət nəticə əldə edilməsi üçün sadəcə həkimin yazdığı reseptdəki dərmanları içmək kifayət etmir”.
O, qeyd edib ki, əgər xəstəlikdən tez yaxa qurtarmaq istəyiriksə, dərman müalicəsi ilə yanaşı, eyni zamanda mütləq müəyyən pəhriz də olmalıdır.
“Soyuqdəymə və ya qrip zamanı düzgün qidalanmaq orqanizmin müdafiə gücünü artırır, əhvalını yaxşılaşdırır və sağalma prosessini tezləşdirir. Bu cür hallarda daha çox bol vitaminli, mikroelementlərlə zəngin olan meyvə və tərəvəzlərə qidalanmada üstünlük verilməlidir. Ən çox C, A, E, P, B qrup vitaminlərlə zəngin olan meyvələrdən (portağal, naringi, limon, kivi, ananas, qreypfrut, alma, armud), tərəvəzlərdən (kök, çuğundur, kələm, soğan, sarımsaq və s.) yeyilməlidir. Banan, üzüm və bu kimi çox şirin meyvələrin yeyilməsi məsləhət deyil.
Gün ərzində 2,5 litr maye qəbul edilməlidir (meyvə şirələri, kompotlar, nanəli-limonlu çay və ya zəncəfil, darçın dəmləməsi, bal-limon qarışığı, zoğal, moruq mürrəbbələri ilə çay və s.) bu cür hazırlanmış maye şəkilində içkilər gün ərzində qəbul edilməlidir. Gün ərzində çox miqdarda içilən maye yuxarı tənəffüs yollarının selikli qişasını qurumaqdan qoruyur və tərləməni artıraraq bədəndən toksinlərin tez zamanda çıxarılmasına kömək edir.
Bəzən insanlar soyuqdəymə və ya qrip zamanı müalicə məqsədi ilə spirtli içkilərdən istifadə edirlər, bu çox yanlış metoddur. Spirtli içki immuniteti zəiflədir, orqanizm xəstəliklə mübarizə apara bilmir. Qətiyyən olmaz!
Bundan əlavə yağlı, qızardılmış, acı və çox duzlu yeməklər qəbul etmək olmaz. Ən yaxşısı yağsız suda bişirilmiş ət, toyuq, kartof, qarabaşaq, bol tərəvəzli şorbalar, salatlar və s. iltihabəleyhinə ot çaylarının dəmləməsini içmək də müalicənin effektini artırır. Bu cür xəstəliklər zamanı alkoqol, qəhvə, tortlar, pirojnalar, kekslər qəbul etmək olmaz. Həmçinin yarımfabrikat məhsullar (kolbasa, sosiska, konservlər və.s.) qadağandır. Yağlı qoyun əti, toyuq əti yemək məsləhət deyil. Pəhrizi qorumaqla və dərmanları həkim təyin etdiyi qaydada qəbul etməklə heç bir ağırlaşma olmadan qrip və ya soyuqdəymədən tam sağalmaq mümkündür”.
Səidə Vahid
AzNews.az