“Təntənəli qarşılanmağın əleyhinə idik“- Fərid Məmmədov

22 May 2013 12:18 (UTC+04:00)


"Eurovision 2013" mahnı müsabiqəsində Azərbaycana ikincilik qazandıran Fərid Məmmədovun müsahibəsi.

-İlk öncə "Eurovision-2013" mahnı müsabiqəsindən Bakıya dönərkən soyuq qarşılanmanıza aydınlıq gətirərdiniz? Yəni deyilənlərə görə sizi heç kim qarşılamayıb, siz taksi ilə qayıtmısınız.

-İlk öncə deyim ki, 2 ayın ağır zəhmətindən sonra öz uğurumuza imza atdıq. Gecə-gündüz ağır məşqlərimiz gedirdi. Biz yüksək nəticəyə inanırdıq. Şükür Allaha pərt olmadıq. O ki qaldı qarşılanmağa, mən hər bir şeydən razıyam. Çünki biz Bakıya gələndə artıq səhər 5 olardı. Özüm heç kimə deməmişdim ki, səhər-səhər insanları narahat etməyək. Sadəcə özümüz, kollektivimiz ağır iş qrafikindən sonra o qədər yorğun idi ki, istəyirdik az adam olsun. Yorğun halda aeroportdan düşəndən sonra az adamla danışaq. Ona görə də, sadəcə yaxınlar və dostlar bizi qarşıladı.

-Ümumiyyətlə siz deməsniz də, yəqin gəlmə vaxtınızı bilənlər vardı. Sizi lazımınca qarşılaya bilərdilər.

-Biz özümüz təntənəli qarşılanmağın əleyhinə idik. Rəhbərlik də bu istəyimizi nəzərə aldı. Yenə də təşəkkür edirəm ki, istəyimizi yerinə yetiridlər.

-Fərid bəy, səhnədə olarkən Azərbaycanın dəstəyini necə hiss etdin? Ümumiyyətlə özünü səhnədə necə hiss edirdin?

-Özümü səhnədə çox yaxşı hiss ediridm. Çox rahat idim. 2 ay idi dayanmadan məşq edirdik. Uğurumuza inanırdıq. Bizə dəstək də güclü idi. Buna görə hər kəsə minnətdaram.

-Ümumiyyətlə buna qədər peşəkar musiqi ilə məşğul olurdunmu?

-Mən uşaqlıqdan ifa edirəm. Məni Aybəniz Haşımovanın "Bülbüllər" ansamblından tanıyırlar. Orada bizim çox nominasiyalarımız, diplomlarımız var. Mən özüm də çox nominasiyalarda iştirak etmişəm.

-"Eurovision 2013" mahnı müsabiqəsində I yeri tutan Danimarkanın yarışda plagiat mahnı ifa etdiyi bildirilir. Əgər bu sübut olunarsa, avtomatik olaraq Azərbaycan I yerə yüksələcək. Buna münasibətiniz?

-Düşünürəm ki, bu mümkünsüz bir şeydir. Onlar artıq heç bir şeyi qaytaran deyillər. Hər il yarışlarda hansısa söhbətlər olur. Biz onsuzda qalibik. Çünki pis nəticə deyil. Danimarkanın özündən ən yüksək səs gəldi bizə. Gözləmədiyimiz ölkələrdən, Avstriyadan, Fransadan bizə səs gəldi. Buna artıq şükr etmək lazımdır.

-Bundan sonra musiqi fəaliyyətini necə davam etdirəcəksən?

-Konsertlər olacaq. Yeni mahnılar olacaq. Planlaşdırırıq ki, Bakıda avqust ayında möhtəşəm konsert verək. Fikrimiz var ki, konsertdə orketsrlə ifa edəcəyəm. Daha sonra kliplər, albomlar və s. olacaq.

-Bundan sonra həyatında hansı dəyişikliklər olub?

-Çox adam zəng vurur. Çox adam məndən yazır. Tanımadıqlarım artır. Əslində bu normaldır. Təbii ki, hansısa uğurdan sonra adam daha çox tanınır. Dostluq etmək istəyənlər çoxalır. Lakin mən köhnə dostları unutmuram. Tanışlar tanışlıqda qalır. Məndə elə bir şey dəyişməyib ki, gözəçarpan olsun. Həmişə Allaha şükür etmişəm və indi də Rəbbimə minnətdaram. Gələcəkdə də nələr olacaqsa, Allahın izni ilə olsun.

-Şəxsi həyatında hansı yeniliklər olub? Sevgini nəzərdə tuturam.

-Düzü xoşlamıram şəxsi həyatımdan danışmağı. Sadəcə mənə sevgisini ifadə edənlər çoxalıb. Çoxları tanıdığına görə mənə bir az da yaxın olmaq istəyir. Yazırlar. Yenə də deyirəm ki, bu normaldır.

-Yəqin ki, xəbərin var, yarış bitəndən sonra Rusiya ilə Azərbaycan arasında səs qalmaqalı yaranmışdı. Bu məsələ səni təəccübləndirdimi?

-Təbii ki, təəccübləndirdi. Çünki inanmıram ki, azərbaycandan ora səs getməyib. Lakin bu məsələyə qarışmaq istəmirəm. Mənim fikirim tam ifamda idi. Fikirim yalnız Azərbaycanı yüksək səviyyədə təmsil etmək idi. Şükür Allaha buna nail ola bildim.

-"Eurovision-2013" mahnı müsabiqəsində ifan o qədər gözəl idi ki, Azərbaycan təmsilçisi Fərid Məmmədova ermənilər də səs verib. Melina Arzumanyan adlı Twitter istifadəçisi öz bloqunda belə yazıb: "Ermənilər məni bağışlasınlar. Amma mən öz səsimi Azərbaycana verdim! Gözəl mahnıdır! Gözəl ifaçıdır!". İstərdim bu məsələyə münasibətinizi bildirəsiz.

-Sevinirəm ki, düşmənlərimiz də bizə səs verdi. Deməli Azərbaycanın gücü o qədərdir ki, düşmənini hətta musiqi ilə ram edə bilir. Azərbaycan buna malik bir ölkədir. Çox sevinirəm. (anspress)

AzNews.az