“Azğın” romanının müəllifi Cəlil Cavanşir deyil - İTTİHAM

5 Dekabr 2019 12:18 (UTC+04:00)

Hədəf Nəşrlərinin direktoru Müşfiq Xan yazıçı Cəlil Cavanşir və onun yeni işıq üzü görmüş “Azğın” romanı ilə bağlı şok iddia səsləndirib.

M.Xan bu yaxınlarda çapdan çıxan və hələ təqdimatı baş tutmayan “Azğın” romanının müəllifinin C.Cavanşir olmadığını deyib.

“On ildən çoxdur nəşriyyatda işləyirəm və səkkiz ildir Cəlil Cavanşirlə dostuq. Bu açıqlamanı ortaq dostlarımızın təkidi ilə ictimailəşdirirəm. Əminəm ki, əziz dostum məni anlayacaq. Elə buna görə də bu açıqlamanı rahat paylaşıram. Məsələ burasındadır ki, “Azğın” romanının müəllifi Cəlil Cavanşir deyil. Ümumiyyətlə, romanın ilkin adı “Azğın” da deyilmiş. Təəssüflə bildirmək istəyirəm ki, müəllif bu sirri bizə - mənə və eyni məclisdə iştirak edən daha üç dostumuza (oxu: şahidə) dünən axşam, yəni kitab artıq işıq üzü görəndən sonra açıb. Dediyim kimi, on illik təcrübəmdə başıma ilk dəfə belə iş gəlir. Belə olmamalıydı, heç olmamalıydı”.

Sosial şəbəkə istifadəçiləri Müşfiq Xanın sözügedən iddiasının reklam xarakterli olduğunu, kitab ətrafında gündəm yaratmaq üçün tərəflər arasında belə bir razılığa gəlindiyini bildiriblər.

Məsələ ilə bağlı saytımıza danışan M.Xan yayımladığı açıqlamadan əlavə danışmaq istəmədiyini söyləyib. Əsl müəllifin kim olması ilə bağlı suala cavab olaraq direktor bildirib ki, bu barədə C.Cavanşir özü danışsa, yaxşı olar.

Yazıçı C.Cavanşir isə ittihamlara belə cavab verib:

“Bu barədə danışmaq istəmirəm. Sadəcə, bu açıqlamaya görə təəssüf edirəm”. (Kult.az)

AzNews.az