- Rəssam işlərini sata bilmirsə, alan yoxdursa, niyə bu sahədə çalışsın ki? Təsəvvür et ki, müğənnisən, konsertə, toya çağırmırlar, özün üçün oxuyursan. Əgər yaxşı rəssamsansa, nə isə yarada bilirsənsə, əsərlərin mütləq satılacaq. İşlərin bəyənilmirsə, ona niyə pul versinlər ki? Mən əsərlərimin satışından da gəlir əldə edirəm, tək tədrisdən deyil.
- Bu günlərdə Çindən qayıdıbsınız. Hansı sərgiyə qatılmışdınız?
- Şanxay şəhərində keçirilən Çin Beynəlxalq İdxal Sərgisində iştirak etdik. Şanxay şəhərində o sərginin tərkibində Şanxay Beynəlxalq İncəsənət Sərgisi var idi, biz orda ölkəmizi təmsil etdik. Elə böyük bir sərgidə Azərbaycan adına iştirak etmək mənim üçün şərəf oldu. Həmin sərgidə 8 əsərlə təmsil olunduq. Altı tələbəm, bir həmkarım və mən. Dünyanın müxtəlif ölkələrindən rəssamlar qatılmışdı. Belə böyük sərgidə biz seçilməyi, üzərimizə diqqət çəkməyi bacarmışdıq. Diqqət çəkməyimizin səbəbi isə seçdiyimiz pozitiv rənglər idi. Yaxınlaşıb əsərlərlə, rəssamlarla və ölkəmizlə maraqlanırdılar. Sərgidə əsərlər nümayiş olunurdu, satış yox idi. Apardığımız tabloların post kartlarını özümüzlə götürmüşdük. Stendi ziyarət edənlərə əsərlərin post kartalarını təqdim edirdik, çox sevinirdilər.
- Başqa hansı ölkələrdə sərgilərdə iştirak edibsiniz?
- Saymaqla bitməz. Ona görə, mənim üçün ən yaddaqalanlarını deyim. Moskvada Vera Beynəlxalq İncəsənət Festivalında "Manej” sərgi salonunda Tahir Salahov, Sakit Məmmədov, Zurab Seretelli kimi rəssamlarla bir yerdə sərgilənmişəm. Hətta həmin beynəlxalq sərgidə mənim studiyam "Yeni baxış” nominasiyası üzrə mükafat aldı. Parisdə Luvr muzeyində sərgilənmək, məncə, bir çox rəssamın xəyalı olur. Luvr muzeyinin içərisində "Carrousel du Louvre” qalereyası var. Orda sərgiləndik. Təsəvvür edin ki, muzeyin bir hissəsində "Mona Liza” sərgilənir, bu biri tərəfdə sənin əsərin. O da mənim üçün yaddaqalan olmuşdu.
- Xarici ölkələrdəki sərgilərdə iştirak rəssam kimi sizə nə verir?
- Sərgilərdə fərqli ölkələrin rəssamları iştirak edir və sən özünü orda müqayisə edirsən. Bu, özünü inkişaf etdirmək, üzərində işləmək cəhətdən önəmlidir. Yeni insanlar tanıyırsan, əlaqələr qurursan, beynəlxalq sertifikatlar alırsan, əsərlərin beynəlxalq kataloqlarda nümayiş olunur. O qədər ölkənin içərisində Azərbaycan adını görmək isə mənə çox böyük zövq verir.
- Sərgilərə öz maliyyənizlə gedirsiniz, yoxsa hansısa proqramlar və ya dövlət dəstəyi ilə?
- Heç bir maliyyə dəstəyimiz yoxdur. Öz gücümüzlə gedirik. Mədəniyyət Nazirliyi tərəfdən belə dəstəyin olmasını çox istəyərdik.
- Emalatxanada yarımçıq əsərlərinizə də rast gəldik. Niyə yarımçıq qalıb?
- Ümumiyyətlə, əsər necə yaranır? Hansı ruh halında olursansa, o dövr ərzində o əsər ərsəyə gəlirsə, gəlir. Əgər gəlmirsə, sonra ruh halın dəyişir və yarımçıq qalır. Sonra bir də həmin əhval-ruhiyyəyə qayıdacaqsan, yoxsa yox, bu, sual altında qalır. Bu tip əsərlər kənarda öz zamanını gözləyir. Çox rəssamda belə yarımçıq əsərlər olur.
- Rəssamlar həm də sifarişlə işlər görürlər. Bu zaman ruh halı necə olur?
- (Gülür) Hər şeydən öncə bu, bizim sənətimiz, işimizdir. Hər kəs səhər durub işə gedib işini görür. Demir ki, bu gün ruh halım iş görməyə imkan vermir. Biz də mexaniki olaraq və texniki bacarıqlarımız sayəsində ortaya iş çıxarırıq. Deməzdim ki, sifarişlə olanda, ora ürək qoymuruq. Gördüyümüz bütün işə sevgimizi qatırıq. Məsələn, uşağın, ya yaşlı bir adamın portretini çəkirəm. Bəzən şəkillə danışa-danışa işləyirəm. Maşın kimi işləmirik, sevgi ilə işimizi görürük. İşi bilirsən və onu edirsən. Əgər hansısa şəkli çəkmək üçün vaxt limiti yoxdursa, onda ruh halını gözləyirik (gülür).