Xələf Xələfov Finlandiya nümayəndə heyətini qəbul etdi

22 May 2013 17:56 (UTC+04:00)
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Finlandiya Xarici İşlər Nazirliyinin baş direktoru, Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin rəisi Terhi Hakkalanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xanım Hakkala Azərbaycana növbəti səfərindən məmnun olduğunu, ölkəmizi özünə çox doğma saydığını və burada özünü vətəndəki kimi hiss etdiyini bildirib. O, Azərbaycana hər gəlişində yeniliyin və inkişafın dərhal hiss edildiyini və ölkəmizin əldə etdiyi uğurların onda xoş təəssüratlar yaratdığını qeyd edib.


Nazir müavini Xələf Xələfov finlandiyalı qonaqları salamlayıb və iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində maraqlı olduqlarını və bunun üçün lazımi potensialın mövcud olmasını qeyd edib. Nazir müavini ölkəmizin əldə etdiyi iqtisadi-siyasi uğurlardan, regionda həyata keçirilən nəhəng neft-qaz, eləcə də nəqliyyat və kommunikasiya layihələrindən, investisiya imkanlarından, xarici ölkələrə qoyulan sərmayələrdən söhbət açıb. O, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinin prioritet olduğunu, dövlətin bu sahədə gördüyü işlər, o cümlədən kənd təsərrüfatının inkişafını stimullaşdırmaq üçün atılan addımlar, yüksək standartlara cavab verən Sənaye Parklarının yaradılması və turizmin inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.

İkitərəfli münasibətlərə toxunan Xələf Xələfov Azərbaycanla Finlandiya arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasını, tərəflər arasında mütəmadi olaraq məsləhətləşmələrin aparılmasını müsbət hal kimi qiymətləndirib. Eyni zamanda, nazir müavini təəssüflə qeyd etmişdir ki, iki ölkə arasında ticarət dövriyyəsi siyasi münasibətlərin ruhuna və tərəflərin potensialına uyğun deyil. Xələf Xələfov Azərbaycanın Finlandiya ilə əməkdaşlığa həm ikitərəfli, həm də Aİ çərçivəsində böyük önəm verdiyini diqqətə çatdırıb. Ölkəmizin çox həssas regionda yerləşdiyini qeyd edən nazir müavini bir tərəfdən regionda cərəyan edən hadisələr, digər tərəfdən də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktının regionun inkişafına mənfi təsir göstərdiyini, bununla belə Azərbaycanın son illər sosial-iqtisadi sahədə böyük uğurlar əldə etdiyini bildirib. O, hazırda sərmayələrin qorunmasının, xarici sərmayələr üçün əlverişli şəraitin yaradılmasının, nüfuzlu şirkətlərin ölkəyə cəlb edilməsinin və yüksək texnologiyaların tətbiq edilməsinin ölkəmiz üçün vacib olduğunu qeyd edib.

Terhi Hakkala ölkəsinin Azərbaycanla təkcə energetika sahəsində deyil, eləcə də turizm, kənd təsərrüfatı, səhiyyə, təhsil və iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlıqda maraqlı olduğunu və bunun üçün aidiyyəti qurumlar, o cümlədən işgüzar dairələr arasında sıx əməkdaşlığın qurulmasının və qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini xüsusi qeyd edib. O, Azərbaycanın etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu alqışladıqlarını, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi siyasətini yüksək qiymətləndirdiklərini bildirib. Finlandiyalı qonaq, həmçinin hər iki ölkənin müxtəlif nazirlikləri arasında birgə layihələrin həyata keçirilməsini təklif edib və Aİ-nin müxtəlif alətlərindən daha çox faydalanmağı məqbul hesab edib. Azərbaycanın ÜTT-ə üzv olunmasına tam dəstək verdiklərini qeyd edən baş direktor ölkəmizin BMT TŞ-dəki təcrübəsindən yararlanmaqda maraqlı olduqlarını bildirib.
Xanım Hakkala sonda Finlandiya xarici işlər naziri adından Azərbaycanın xarici işlər nazirini öz ölkəsinə səfərə dəvət edib.

AzNews.az