Bu adada vulkan püskürdü: əhali qorxuya düşdü

9 Dekabr 2019 09:39 (UTC+04:00)

Dekabrın 9-da yerli vaxtla 14:15-də Yeni Zelandiyaya məxsus Ağ Adada (White Island) yerləşən vulkan gözlənilmədən püskürüb.

“Stuff” portalına istinadla xəbər verilir ki, təbii fəlakət zamanı adada təqribən 50 nəfərin olduğu bildirilir.

Polisin məlumatına görə, hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb. Adadakılardan bir qismi xilas edilsə də digərləri hələlik itkin düşmüş hesab olunur.

Adada baş verənlərlə əlaqədar Nazirlər Kabinetini təcili toplayan Baş nazir Casinda Ardernin ənənəvi mətbuat konfransına gecikdiyi də bildirilir. Mətbuat konfransında isə o, polisin fövqəladə hallar agentliyinin əməkdaşları ilə birlikdə axtarış-xilasetmə əməliyyatı keçirdiyini deyib.

Bu məqsədlə adaya göndərilən helikopterlərin yarana biləcək təhlükəyə görə ora hələlik eniş edə bilmədikləri də qeyd edilir.

İlkin məlumatlara görə, gözlənilmədən püskürən vulkan 12 min fut hündürlüyə kül püskürüb.

Yerli hakimiyyət orqanları əhalini ehtiyatlı olmağa və xilasedici xidmətin göstərişlərini izləməyə çağırır.

AzNews.az