“Instagram” fenomeninə 14 il həbs cəzası verildi

10 Dekabr 2019 11:31 (UTC+04:00)

İstədiyi internet hesabını ala bilmədiyi üçün əsəbiləşən amerikalı "İnstagram" fenomeni 14 il həbs cəzasına məhkum olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Ədliyyə Nazirliyi "İnstagram" fenomenini bir veb domenini zorla ələ keçirmək planına görə 14 il həbs cəzasına məhkum edib. Əsl adı Rossi Lorazio Adams olan, sosial mediada “Polo” adı ilə tanınan məşhur universitetdə oxuyan zaman "İnstagram" və digər platformalarda “State Snaps” adlı hesab açıb.

Adams bu sosial şəbəkələrdə kollec qızlarının açıq-saçıq, seksual hərəkətlərini paylaşıb. Hətta hazırda onun "İnstagram" hesabında 1,5 milyon izləyicisi var.

O, sosial media paylaşımlarında əsasən "#doitforstate" etiketindən istifadə edirdi. Buna görə də o, "doitforstate.com" domenini almaq istəyib. Həmin hesab isə Ezan Deyo adlı şəxsə məxsusdur.

Adams iki il ərzində domen adını almağa çalışsa da, Deyo satmayıb. Sonradan Deyo domeni 20 min dollara satmağa razı olduğunu deyib, Adams isə bu qiymətin yüksək olduğunu bildirib. Problemi təhdidlə həll etmək qərarına gələn Adams əvvəlcə SMS vasitəsi ilə Deyonun dostlarına silah emojisi göndərib, daha sonra isə birbaşa Deyonun evinə gedib.

Zamanla təhdidi artıran Adams vaxtilə həbs olunan əmisi oğlu Şerman Hopkins Jr. ilə razılığa gəlib. Onlar qərara gəliblər ki, Şerman şok tapancası və silahla Deyonu öldürsün. Hopkinsin əlində Deyonun səhifəsini necə ələ keçirmək haqda sənəd də olub.

Olayın sonu qanla bitib. Belə ki, Deyo əlindəki silahı almaq üçün Hopkinsə hücum edib. Onlar dalaşan zaman Deyo ayağından, Hopkins isə sinəsindən yaralanıb. Hazırda ikisinin də vəziyyəti yaxşıdır.

Qeyd edək ki, günahını etiraf edən Hopkins 2017-ci ildə 20 illik həbs olunub. Adams isə aprel ayında məhkəmə qarşısına çıxıb və keçən həftədən etibarən 14 il müddətinə həbs edilib.

Səidə Vahid

AzNews.az