Şəhla Hümbətovanın işi ilə bağlı Vəkillər Kollegiyasından açıqlama

10 Dekabr 2019 12:04 (UTC+04:00)

27 noyabr 2019-cu il tarixdə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən Vəkillər Kollegiyasının üzvü Şəhla Hümbətovanın vəkillik fəaliyyətinin dayandırılması və onun Kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunmuşdur.

Qərarın qəbul edilməsinə səbəb vəkil Şəhla Hümbətovanın məhkəməyə saxta sübut təqdim etməsi, ictimai iaşə müəssisələrində ərizəçidən pul məbləğlərini alması, məhkəmə iclasında üzürsüz səbəbdən iştirak etməməsi və Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqını 6 aydan artıq müddətdə ödəməməsidir (Qeyd: “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respbulikasının Qanununa əsasən, vəkil tərəfindən üzvlük haqqının altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödənilməməsi onun fəaliyyətinə xitam verilməsi üçün əsasdır).

İşin hallarına gəldikdə qeyd olunmalıdır ki, vətəndaş R.Q. vəkil Şəhla Hümbətovanın intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı müvafiq tədbirlər görülməsi üçün ərizə ilə Rəyasət Heyətinə müraciət edərək, məhkəmədə iştirak və sorğular üçün cəmi 1300 manat məbləğində vəkilə pul ödədiyi halda, vəkil tərəfindən ona qəbz verilmədiyini, boş blanklara imza etdirdiyini, vəkilin məhkəməyə 3000 manat qonorarla bağlı sənədlər təqdim etdiyini, “MC Donalds” və “Mado” kafelərində vəkilə pul ödədiyini, vəkilin məhkəmə iclasında iştirak etmədiyini, vəkil tərəfindən iddianın və sənədlərin məhkəməyə gec təqdim edilməsi ilə əlaqədar mübahisələndirilən mənzilin özgəninkiləşdirildiyini və digər məsələləri göstərmişdir.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti hesab edir ki, vəkil Şəhla Hümbətovanın hüquqi yardım göstərdiyi şəxs tərəfindən ona 3000 manat ödənilmədiyi halda, guya bu məbləğin ödənilməsinə dair qəbz tərtib edib məhkəməyə sübut kimi təqdim etməsi və iddia tələbinin əsası kimi məhkəmə baxışının sonunadək bu sübuta istinad etməklə, habelə üzvlük haqqını altı aydan artıq müddətə üzrsüz səbəbə görə ödəməməklə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin II, III hissələrinin, 5-ci maddəsinin 1-ci hissəsinin, 16-cı maddəsinin 1-ci hissəsinin, 18-ci maddəsinin, “ Vəkillərin davranış qaydaları haqqında “ Əsasnamənin 1.2, 1.5, 2.2, 2.3, 4.2, 4.4, 4.5-ci bəndlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərinin pozuntusuna yol vermişdir.

Bundan başqa, vəkil Şəhla Hümbətova ərizə ilə Rəyasət Heyətinə müraciət edərək bildirmişdir ki, onun vəkillik fəaliyyəti dayandırıldığından, icraatında olan 9 işə çıxa bilmir və həmin bu işlərin başa çatdırılmasına icazə verilməsini xahiş etmişdir.

Rəyasət Heyətinin 04.12.2019-cu il tarixli iclasına Şəhla Hümbətova dəvət olunmuş və iclas zamanı o, saxta sübutun məhkəməyə təqdim edilməsi ilə bağlı tapşırığın ona müştərisi tərəfindən verildiyini bildirmiş, həmçinin saxta sübüt təqdim etməklə özünün qanun pozuntusuna yol verdiyini də etiraf etmişdir.

Eyni zamanda, Rəyasət Heyətinin həmin tarixli qərarına əsasən, Şəhla Hümbətovanın ərizəsində qeyd edilən 9 işin başa çatdırılmasına icazə verilmişdir.

Bundan əlavə, bu günlərdə ölkə daxili bəzi KİV-də (reyting.az, turan.az) məlumat çıxmışdır ki, insan hüquqları üzrə 4 beynəlxalq təşkilat (Freedom House, Civil Rights Defenders, International Partnership for Human Rights, Lawyers for lawyers) tərəfindən vəkil Şəhla Hümbətovanın işi ilə bağlı Vəkillər Kollegiyasına birgə müraciət göndərilmişdir. Bununla bağlı bildirir ki, qeyd olunan məlumat yalandır və məsələ ilə əlaqədar Vəkillər Kollegiyasına hər hansı müraciət daxil olmamışdır.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bir daha bildirir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanununa görə vəkilin Kollegiya üzvlüyünə xitam verilməsi ölkədaxili məhkəmənin araşdırmasına və səlahiyyətinə daxildir. Bu səbəbdən KİV-lər tərəfindən məsələ ilə bağlı məlumatlar paylaşılarkən təhrif olunmuş xəbərlərin yayılmasından çəkinilməlidir.

AzNews.az