Oranqutanlar bir-biri ilə belə ünsiyyət qurur - VİDEO

10 Dekabr 2019 14:32 (UTC+04:00)

Alimlərin apardığı yeni araşdırmalara görə, oranqutanlar ünsiyyət qurmaq üçün ibtidai bir dil formasından istifadə edir.

AzNews.az “Daily Mail”ə istinadən xəbər verir ki, Ekseter Universitetinin alimləri İndoneziyanın Borneo adalarında oranqutanların 600 saatlıq görüntülərini çəkmək üçün iki il vaxt sərf ediblər.

Araşdırmalar zamanı məlum olub ki, vəhşi Borneo oranqutanları bir-birilərinə “oyuna davam et”, “üstümə dırmaş” deyə göstəriş verir, eyni zamanda “üstünə dırmaşım” deyə təklif edir.

Yeddi cüt ana-bala, bir cüt bacı-qardaş olmaqla cəmi 16 oranqutanın videoda 11 səs siqnalından və 21 fiziki jestdən istifadə etdiyi görünür.

858 səs, 441 jest olmaqla ümumilikdə 1299 ünsiyyət siqnalı tədqiqatçılara oranqutanların nə demək istədiyini başa düşməyə imkan verib.

Jestlərə alt dodağını çölə çıxarmaq, cisimləri silkələmək və bədənin bir hissəsini göstərmək daxildir.

Borneo Təbiət Fondunun təsisçisi, Ekseter Universitetinin alimi Helen Morro-Bernard deyib ki, oranqutanlar digər oranqutanlardan səkkiz fərqli şey etməyini istəyib. Onlar bunu başa salmaq üçün səslər və jestlərdən istifadə edib.

Müəyyən edilən səkkiz hədəf bunlardır: "obyekti əldə etmək" (bu zaman jestlə işarə edir), "üstümə qalx", "üstünə qalxım", "uzaqlaş", "oyunu dəyiş: sürəti azalt", "oyunu davam etdir" və "dayandır".

“Əldə etdiyimiz bəzi məlumatlar zooparklarda aparılan araşdırmalar zamanı çoxdan aşkar edilsə də, digərləri yenidir. Bütün bunlar ünsiyyətin təbii kontekstdə öyrənilməsinin vacibliyini göstərir”, - deyə alim bildirib.

Pərvanə

AzNews.az