Yunanıstan Türkiyə-Liviya razılaşmasına görə BMT-yə müraciət etdi

10 Dekabr 2019 16:21 (UTC+04:00)

Yunanıstan Türkiyə və Liviya arasında imzalanan anlaşma memorandumuna etiraz olaraq BMT-yə müraciət edib.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Yunanıstan hökumətinin sözçüsü Stelios Petsas verib.

Rəsmi Afina imzalanan müqavilənin yararsız olduğunu və pis niyyətlə hazırlandığını bildirib.

Yunanıstan Türkiyə-Liviya memorandumunun regiondakı sabitliyə zərər verəcəyini iddia edərək Avropa İttifaqını hər iki ölkəyə sanksiya tətbiq etməyə çağırıb.

Qeyd edək ki, Yunanıstan Liviyanın Afinadakı səfirini sözügedən razılaşma haqda onlara məlumat vermədiyi üçün ölkədə "arzuolunmaz şəxs" elan edərək deportasiya edib.

Xatırladaq ki, Dolmabaxça sarayında Türkiyə ilə Liviyadakı Milli Barışıq Hökuməti arasında 27 noyabr tarixində “Təhlükəsizlik və hərbi əməkdaşlığa dair razılaşma sənədi” və "Dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılmasına dair razılaşma sənədi” imzalanmışdı.

İmzalanan “Dəniz səlahiyyətlərinin məhdudlaşdırılması” razılaşması ilə Türkiyənin dəniz sahəsi kəskin şəkildə genişlənib.

Pərvanə

AzNews.az