Suriyada döyüşən azərbaycanlılara hökm oxundu

11 Dekabr 2019 10:49 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəmsəində Suriyada qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən Bilal İsmayılov və Əfqan Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, Əfqan Aslanov və Bilal İsmayılovun hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Türkiyəyə oradan da Suriyaya keçərək silahlı qruplaşmaların tərkibində döyüşüblər.

Onlar 2014-cü ildə Azərbaycana qayıdandan sonra həbs ediliblər.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik (təşkilat) yaratma, cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham verilib.

AzNews.az