2 yaşlı uşağın ölümündə qorxunc şübhə... İzləri həkim üzə çıxardı

11 Dekabr 2019 16:48 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərinin Esenyurt ərazisində yaxınları tərəfindən xəstəxanaya atılan 2,5 yaşlı qız uşağı həyatını itirib. Uşağı döyərək xəstəxanada qoyub qaçan iki şəxs polis tərəfindən saxlanılıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə keçən həftə baş verib. Həkimlərin müdaxiləsinə rəğmən uşağın həyatını qurtarmaq mümkün olmayıb. Uşağın ölümündə şübhəli halın olduğunu hiss edən həkimlər vəziyyəti polisə xəbər verib. Hadisə yerinə gələn polis işçiləri araşdırma üçün kamera görüntülərini izləyib.

Görüntülər nəticəsində uşağın gətirildiyi maşının nömrəsi müəyyən edilib, həmin şəxsin taksi sürücüsü olduğu məlum olub. Maşındakı digər şəxslər, suriyalı Mohamad Abo Shaır və Mohamad Jıhed Najjar polis tərəfindən saxlanılıb. Uşağın anası Dianna Najjarın evinə gedən polislər onun qaçdığını görüb. Sonradan qadının bir müddət əvvəl həyat yoldaşından ayrıldığı məlum olub.

Şübhəlilər ilə bağlı araşdırma davam edir. Suriyalı uşağın ölüm səbəbinin hələ də tam məlum olmadığına görə polis ekspertizaya müraciət edib.

Səidə Vahid

AzNews.az