"Vurduğumuz ağır zərbənin yaratdığı dərin xəyal qırıqlığıdır” - Türkiyə XİN-dən ABŞ-ın sanksiya qərarına reaksiya

12 Dekabr 2019 10:38 (UTC+04:00)

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Türkiyəyə sanksiya tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

AzNews.az xəbər verir ki, qərarla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama verib.

“ABŞ Senatının Xarici Əlaqələr Komitəsində “Barış Pınarı” hərəkatını və S-400 sistemini əsas gətirərək ölkəmizə sanksiya tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin hansı motivlərlə qəbul edildiyini bilirik. Bunun səbəbi uzun müddətdir etina ilə hazırlanan layihəyə vurduğumuz ağır zərbənin yaratdığı dərin xəyal qırıqlığıdır”, - deyə nazirliyin məlumatında bildirilir.

Açıqlamada sözügedən qərarın Türkiyənin milli təhlükəsizliyi ilə bağlı verdiyi müstəqil qərarlara hörmətsizliyin yeni təzahürü olduğu deyilir.

“Bu addım Türkiyə-ABŞ münasibətlərinə zərər verməkdən başqa bir iş görmür. Nümayəndələr Palatasının 29 oktyabrda qəbul etdiyi oxşar qanun layihəsinə də lazımı reaksiyanı vermişdik. Bu dəfə Senatın gündəminə gətirilməyə çalışılan layihə verdiyimiz izahatları anlamaq istəmədiklərini göstərir”, - deyə qeyd olunur.

Nazirlik ABŞ Konqresini Türk-ABŞ münasibətlərinə, müəyyən edilmiş ortaq hədəflərə ziyan verməyəcək formada mövqe sərgiləməyə və ağıllı hərəkət etməyə çağırıb.

Xatırladaq ki, ABŞ-ın Nümayəndələr Palatasında 29 oktyabrda Türkiyəyə sanksiya tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi 403 səslə qəbul edilmişdi. Həmin layihə dünən Senatın Xarici Əlaqələr Komitəsində müzakirə edilib. Səsvermədə qanun layihəsi 18 “hə”, 4 “yox”la qəbul edilib.

Layihəyə “yox” deyən senatorlar Rand Paul, Ron Conson, Ted Kruz və Tom Yudaldır.

Pərvanə

AzNews.az