Tehran Azərbaycanla oyuna başladı: “alim əməliyyatı”

23 May 2013 09:35 (UTC+04:00)


Ötən ay İranda həbs edilən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid hələ də Azərbaycan tərəfinə təhvil verilməyib.

Bu barədə AZNEWS.AZ-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin sözlərinə görə, bu günə olan son məlumata görə, X.Xalid hələ də ölkəmizin Təbrizdəki konsulluğuna və ya Azərbaycanın oradakı hər hansı rəsmi qurumuna təhvil verilməyib.

Nazirlik sözçüsü bildirib ki, İran tərəfi həmyerlimizi Azərbaycan tərəfinə təhvil verdiyinə dair bəyanatlar səsləndirsə də, bu açıqlamalar hələ də öz təsdiqini tapmayıb: "İranda həbsdə olan həmyerlilərimizin təhvil alınması üçün İran tərəfi ilə danışıqlar hələ də davam etdirilir".

Qeyd edək ki, dünən İranın ölkəmizdəki səfiri açıqlamasında X.Xalidin Azərbaycanın Təbrizdəki konsulluğuna təhvil verildiyini bildirmişdi. Bunun ardınca isə Azərbaycan XİN bu məlumatı təkzib etmişdi.

Xatırladaq ki, X. Xalid sürücüsü ilə birlikdə aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin İrana son səfərində İran tərəfi həbsdəki həmyerlilərimizi azad edəcəklərini açıqlamışdı. Bəzi məlumatlarda hətta X.Xalid və onun sürücüsünün şeyxlə birlikdə ölkəyə qayıdacağı bildirilirdi. Şeyxin nümayəndə heyəti ötən gün vətənə dönsə də həbsdəki həmyerlilərimiz İran tərəfinin əsirliyində qalmaqda davam edir.

Anar
AzNews.az