Sabahdan Cocuq Mərcanlıya yeni avtobus xətləri açılır

16 Dekabr 2019 10:25 (UTC+04:00)

Sabahdan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi istiqamətində ilk dəfə müntəzəm marşrut xətləri fəaliyyət göstərəcək.

Bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova qeyd edib. O bildirib ki, qurumun apardığı monitorinqlərin nəticəsi olaraq sərnişinlərin istifadəsinə yeni xətlər təqdim ediləcək:

“Belə ki, dekabrın 17-dən etibarən Cocuq Mərcanlı istiqamətinə Gəncə, Sumqayıt və Mingəçevirdən müntəzəm marşrut xətləri fəaliyyət göstərəcək.

Gəncə-Cocuq Mərcanlı marşrutu üzrə avtobusların ilk yoladüşməsi dekabrın 17-si saat 10:30-da başlayacaq. Son dayanacaq Cocuq Mərcanlı olmaqla marşrut xətlərinin hərəkət sxemi Gəncə, Yevlax, Ağcabədi, Beyləqan, Horadiz olacaq.

Mingəçevir-Cocuq Mərcanlı marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 09:00-dadır, qeyd olunan xətt üzrə dayanacaqlar Mingəçevir, Yevlax, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Cocuq Mərcanlıdır.

Sumqayıt-Cocuq Mərcanlı marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 08:30-da olmaqla marşrut xətləri üzrə hərəkət sxemi Sumqayıt, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Bəhramtəpə, Daşburun, Əhmədbəyli, Horadiz, Cocuq Mərcanlı kəndidir.

Gəncə-Cocuq Mərcanlı marşrutu üzrə hərəkət trayektoriyasının uzunluğu 268 km, Mingəçevir-Cocuq Mərcanlı marşrutu üzrə 247 km, Sumqayıt-Cocuq Mərcanlı istiqaməti üzrə isə 363 km-dir”.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndində 508 nəfər sakin yaşayır.

AzNews.az