Ermənistanda iqtisadi böhran getdikcə dərinləşir

17 Dekabr 2019 15:15 (UTC+04:00)

Keçən ilin may ayında Ermənistanda hakimiyyəti ələ keçirən baş nazir Nikol Paşinyan xalqın rifahını yaxşılaşdıracağı ilə bağlı verdiyi vədləri yerinə yetirə bilmədiyi üçün artıq ictimaiyyətin, eləcə də tərəfdarlarının ümidlərini tamamilə itirib. Ötən müddətdə işğalçı ölkədə siyasi ab-hava daha da ağırlaşıb, iqtisadiyyat dağılmaq təhlükəsi ilə üzləşib.

Bu fikirlər YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq Arzuman Muradlının şərhində yer alıb.

Ermənistan mətbuatının yazdığına görə, ölkənin maliyyə sektorunda acınacaqlı vəziyyət yaranıb. İşğalçı dövlətdə makroiqtisadi vəziyyət acınacaqlı haldadır. Mərkəzi Bank, hətta tələb olduğu halda belə banklara dollar almağı qadağan edərək repressiv tədbirlər vasitəsilə dramın kursunu saxlamağa çalışır. Əgər əvvəllər Mərkəzi Bank valyuta müdaxilələri yolu ilə dramın kursuna təsir göstərirdisə, indi xarici rezervlərin pis vəziyyətdə olması üzündən bu maliyyə instrumentinin tətbiqi imkanlarını xeyli məhdudlaşdırıb.

Hazırda Ermənistanda adambaşına düşən gəlir qabaqcıl ölkələrlə müqayisədə təxminən 15 dəfə, məhsuldarlıq isə 8 dəfə aşağıdır. Respublikada ərzaq təhlükəsizliyi ilə bağlı heç bir tədbir görülmür. Uzun illərdir ki, aqrar sektorda böhran hökm sürür, bu sahədə islahatlara başlamaq barədə təşəbbüs göstərilmir. Məhz bunun nəticəsidir ki, bu gün Ermənistanda kənd təsərrüfatı sahəsində azalma 15-20 faiz təşkil edir.

Politoloq vurğulayıb ki, Ermənistanda miqrasiya prosesi də təhlükəli həddə çatıb. Bu ölkənin Mərkəzi Bankının yaydığı son məlumatda deyilir ki, respublikada reallaşan “məxməri inqilab”dan sonra miqrasiya prosesi yekunlaşıb və hətta sözügedən istiqamətdə müsbət meyillər müşahidə edilib. “Sputnik Ermənistan” saytında isə bu informasiyaya kəskin irad bildirən iqtisadçı Tadevos Avetisyan adıçəkilən maliyyə qurumunun miqrasiya ilə bağlı məlumatının həqiqəti əks etdirmədiyini, faktların reallıqdan uzaq olduğunu diqqətə çatdırıb. T.Avetisyan Ermənistandan işçi axınının hələ də səngimədiyini, əksinə, son bir neçə ay ərzində işsizlərin 20 faizdən çoxunun iş axtarmaq ümidilə xaricə üz tutduğunu bildirib.

Erməni iqtisadçının sözlərinə görə, hazırda işsiz vətəndaşlar ölkəni tərk etməkdə israrlıdırlar. Ermənistanda qeydiyyata alınan 250 mindən artıq işsizin 20 faizinin ölkəni tərk etməsini T.Avetisyan “həyəcanverici” hal kimi dəyərləndirib.

Erməni iqtisadçı baş nazir Nikol Paşinyanın “ölkədə işsizlik nisbətinin işlə təmin olunma və ya yeni iş yerlərinin yaradılması nəticəsində əldə edildiyi” barədə yalanlarına rəğmən, bunun, sadəcə olaraq, respublikadakı işsizlərin Ermənistandan köçüb getmələri üzündən baş verdiyini bildirib.

“Sosiometr” Sosial Araşdırmalar Mərkəzinin direktoru Aqaron Aqabekyan sözlərinə görə, Ermənistan əhalisinin 45 faizi mütləq kasıblıq həddində yaşayır. O, qeyd edib ki, aparılan araşdırmalar nəticəsində həmin insanların 10 faizinin dilənçi vəziyyətinə düşdüyü məlum olub: “Müəyyən etdik ki, ağır sosial vəziyyətlə əlaqədar uşaqlar məktəbə getmirlər. Ailələr bunun səbəbini həmin uşaqların ayaqqabı və isti geyimlərinin olmaması ilə əlaqələndirirlər”.

Arzuman Muradlı daha sonra deyib:

“Bu gün Ermənistan iqtisadiyyatı inersiya (hərəkətsiz) vəziyyətindədir və belə şəraitdə hansısa ciddi dəyişiklikləri, müsbət nəticələri gözləmək mümkün deyil. İndiki şərtlərlə isə sırf iqtisadi göstəricilərlə hərəkət etmək doğru deyil, 5-6 faiz böyümə kimi rəqəmlər əslində formal xarakter daşıyır. Çünki Ermənistanın iqtisadiyyatla bağlı struktur yanaşma tərzi ilə əlaqədar daha dərin problemləri var.

Ermənistanda inqilabdan sonra “investisiya seli”nin gələcəyini söyləyənlər də artıq yanıldıqlarını etiraf edirlər. Bu respublikada nə qədər ki, korrupsiya ilə mübarizədə institusional yanaşma tərzi həyata keçirilməyəcək və buna müvafiq olaraq qanunverici islahatlar aparılmayacaq, nə orta, nə də kiçik biznes üçün ciddi bir şey gözləməyə dəyməz.

AzNews.az