İran səfirliyi Xalidə Xalid müəmmasına aydınlıq gətirdi

23 May 2013 13:12 (UTC+04:00)
İranın Bakıdakı səfirliyi azərbaycanlı alim Xalidə Xalidin həbsdən azad olunması ilə bağlı müəmmaya aydınlıq gətirib. Səfirliyin əməkdaşı Seyid Əli Musəvi mayın 23-də "Media forum"a deyib ki, Xalidə Xalid və sürücüsü azad olunublar: "Lakin onlarla bağlı sənədləşmə işləri aparıldığından Azərbaycan tərəfinə təhvil verilməyiblər".

Musəvi bildirib ki, İran Xalidə Xalidin və sürücüsünün azad olunması müqabilində Mikayıl Kazımi adlı İran vətəndaşının azad olunması şərtini irəli sürməyib. "Kazımi dörd-beş aydır tutulub və onun azad olunması üçün İran çoxdan iş aparır".

Diplomat qeyd edib ki, səfirlikdə Mikayıl Kazıminin kimliyi haqda geniş məlumat yoxdur: "Biz də bu barədə Tehrana sorğu göndərmişik".

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Xalidə İsmayılova (Xalid) və onun sürücüsü Şamxal Hüseynovu aprelin 30-da İranın xüsusi xidmət orqanı olan ETTELAAT saxlayıb. Mayın 19-da Xalidə Xalid və sürücüsünün həbsdən azad olunduğu elan edilib.

AzNews.az