“ABŞ səfirinin kimlərləsə görüşməsindən narahat deyilik”

23 May 2013 14:44 (UTC+04:00)


"Yeni Azərbaycan Partiyası ABŞ səfirinin kimlərləsə görüşməsindən narahat deyil. Bizim partiyayla bu cür təmaslar həm ABŞ səfirinin özü, həm də səfirliyin digər rəsmiləri ilə mütəmadi keçirilir. Yəqin ki, yaxın günlərdə belə bir görüş yenə baş tutacaq".

Bu sözləri AZNEWS.AZ-a açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyib. O, bu gün ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın bir sıra müxalifət partiyalarının liderlərini qəbul etməsi barədə məlumata münasibət bildirib.

M.Qurbanlı deyib ki, YAP-da bu görüş barədə məlumat olmayıb: "Mən bu barədə məlumatı mətbuatdan öyrəndim".

YAP rəsmisi görüşün təfərrüatları barədə mətbuata heç bir açıqlamanın verilməməsinə də münasibət bildirib: "Mən bu barədə bir söz deyə bilmərəm. Ancaq yəqin ki, ABŞ səfirliyi görüşdə hansı məsələlərin müzakirə edildiyi barədə açıqlama verəcək".

Qeyd edək ki, bu gün ABŞ səfirliyində Müsavat, AXCP, Ümid, VHP kimi müxalifət partiyalarının liderlərinin səfir R.Morninqstarla görüşü keçirilib.

Anar
AzNews.az