“Məhəbbət əfsanəsi” baleti yenidən Bakı səhnəsində

20 Dekabr 2019 11:06 (UTC+04:00)

Mərhum bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti yarım əsr müddətdən sonra təntənəli şəkildə yenidən Bakı tamaşaçılarının görüşünə gəlir.

AzNews.az Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hazırlanan tamaşanın 2020-ci il martın 13, 15 və 16-da Heydər Əliyev Sarayında təqdimatı keçiriləcək.

Tamaşa məşhur baletmeyster Yuri Qriqoroviçin quruluşunda, tanınmış rəssam Simon Virsaladzenin səhnə tərtibatında nümayiş olunacaq. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edəcək. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri tamaşada çıxış edəcəklər.

Tarixi təqdimat üçün Simon Virsaladzenin orijinal eskizləri əsasında 250 kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanır.

Qeyd edək ki, “Məhəbbət əfsanəsi” baletinin premyerası 1962-ci ilin iyul ayında Akademik Opera və Balet Teatrının səhnəsində keçirilib.

“Məhəbbət əfsanəsi” baleti artıq 60 ilə yaxındır ki, dünya səhnələrini fəth edir. Əsər müxtəlif ölkələrin 60-dan çox teatrında dəfələrlə görkəmli baletmeysterlərin quruluşunda təqdim olunub. Səhnə əsəri ABŞ, Almaniya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Çexiya, Estoniya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Misir, Özbəkistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya və digər dövlətlərdə rəğbətlə qarşılanıb.

Bahar RÜSTƏMLİ

AzNews.az