"İraqın hansı tərəfinə getsəniz, Azərbaycanla bağlı bir şey tapacaqsınız"

20 Dekabr 2019 17:48 (UTC+04:00)

“Azərkitab” kitab mərkəzində Kərkük Mədəniyyət Dərnəyinin sədri Şəmsəddin Kuzəçinin “İraq mətbuat tarixi (1869-2019)” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə İraq Respublikasının Azərbaycandakı səfiri, siyasi elmlər doktoru, professor Fadil əl-Şuveyli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin V çağırış üzrə deputatı, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova, şair-publisist Əkbər Qoşalı, professor Elçin İsgəndərzadə, tələbələr, ədəbiyyat adamları və media nümayəndələri iştirak edib.

Kitab haqqında danışan Şəmsəddin Kuzəçi bildirib ki, bu kitab onun Türkiyənin Ankara şəhərində Qazi Universitetinin jurnalistika fakültəsində hazırladığı magistr işi ilə Hollandiyada Qlobal Lahey Universitetində doktorluq araşdırmasını əhatə edir. Kitabın birinci hissəsi “1921-1958-ci illərdə İraqda Krallıq dövründə informasiya siyasəti”, ikinci hissəsi “1958-2003-cü illərdə Cümhuriyyət və Bəəs Partiyası dövründə kütləvi kommunikasiya”, üçüncü hissəsi isə “2003-2019-cu illərdə işğaldan sonrakı dövrdə kütləvi kommunikasiya və mətbuat azadlığı” adlanır.

Ş.Kuzəçi həmçinin qeyd edib ki, bu əsərdə Osmanlı dövründən bu günə qədər 150 il müddətində İraqda fəaliyyət göstərən ərəb, kürd, türkman və süryani mediasını araşdırıb və geniş təhlil edib.

Q.Paşayeva sözügedən kitabın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edib:

“Ən böyük təşəkkür Şəmsəddin Kuzəçiyə düşür. Biz Şəmsəddin bəylə uzun illərdir bir-birimizi tanıyırıq. Şəmsəddin bəy Azərbaycanla İraq arasında çox önəmli körpülərdən biri olub. Davamlı olaraq həm Azərbaycanın İraqda tanınması həm də İraqın Azərbaycanda tanınması, bilinməsi üçün çox işlər görülüb, layihələr həyata keçirilib. Ş.Kuzəçi mədəni-ədəbi əlaqələrdə xüsusi yeri olan aydınlardan, ziyalılardan biridir. Onun yeni kitabının Azərbaycan oxucularına təqdim olunması münasibətilə təbrik edirik. İraq ərəbdilli ölkələr arasında Azərbaycana ən yaxın olan ölkədir. Azərbaycanın bir çox mühüm şəxsiyyətləri məhz orda yaşayıb. Bizim ədəbiyyatımızın, şeirimizin böyük ustadı Füzulinin məzarı da Kərbəladadır. İraqın hansı tərəfinə getsəniz, Azərbaycanla bağlı bir şey tapacaqsınız”.

Q.Paşayeva Azərbaycanla-İraq arasındakı dostluq münasibətlərinin əhəmiyyətini də diqqətə çatdırıb:

“Onu da diqqətə çatdırmaq istəyirəm ki, cənab səfirin Qarabağ mövzusunda birmənalı bəyanatlarına görə Ermənistan tərəfindən İraqın Xarici İşlər Nazirliyinə dəfələrlə nota göndərilib. Amma buna baxmayaraq cənab səfir həmişə öz mövqeyində qalıb”.

Sonda kitabın hazırlanmasında əməyi keçən şəxslərə təşəkkürnamələr təqdim edilib.

AzNews.az