Elə edirlər ki, ya həbsxanaya düşürəm, ya da komaya, beləcə işimə son verilir - aktrisa rejissorlardan gileyləndi

24 Dekabr 2019 15:39 (UTC+04:00)

“Mən bütün əzab-əziyyətlərdən keçib, qarşıda işıq görürəm. Bəlkə də bu işıq mənə qismət olmayacaq. Lakin ümid ən sonda ölür. Musa Yaqubun şeirində də deyildiyi kimi “Hələ bu adamlar mənimki deyil, mənim adamlarım sonra gələcək”.

Bu sözləri aktrisa, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı AzNews.az-a verdiyi müsahibəsində deyib.

O, keçdiyi sənət yolu, arzuları və gələcək planları barədə danışıb.

- Zülfiyyə xanım keçdiyiniz sənət yolu barədə məlumat verməyinizi xahiş edirəm.

- 1994-cü ildə İncəsənət universitetini bitirmişəm. 1998-ci ildə yenidən həmin universitetin kinoşünaslıq kafedrasında fəaliyyətə başladım. Müdafiə etdikdən sonra səhnə danışığı kafedrasında dərs deməyə başladım. Fəaliyyətim 2015-ci ilədək davam etdi. Sonra universitetdə kadr dəyişikliyi oldu. Mən də daxil olmaqla xeyli müəllim işindən uzqlaşdırıldı. Sonra Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışmağa başladım. Çox gözəl işlər ərsəyə gətirirdik. Bunlardan biri də Xalid Hüseynin “Min möhtəşəm günəş” əsərində oynamağım oldu. Elvin Mirzəyevin quruluş verdiyi tamaşa anşlaqla qarşılandı. Bu tamaşada iki övladını itirmiş şəhid anasını canlandırırdım. O tamaşa mənim həyatımda böyük rol oynadı. Heç bir reklam olmadan bütün biletlərimiz satılırdı. 3 illik teatr həyatımda çox gözəl obrazlar canlandırdım. Sonra teatrdan da uzaqlaşmalı oldum.

- Teatrı bu qədər sevdiyiniz halda uzaqlaşmağın səbəbi nə idi?

- Bu barədə danışmaq mənim ən yaralı yerimdir. Məni ən incidən məqamlardan biri olduğu üçün bu sualın üstündən keçmək istərdim. Hazırda audio kitabda çalışıram. İndiyə kimi minə yaxın kitabı səsləndirmişik. Bunun üçün çox istedadlı, xüsusi qabiliyyəti olan aktyorlar seçilib. Brend səsli aktyorlardır hamısı. Hazırda bütün universitetləri gəzib bunu təbliğ edirik.

- Bildiyimiz kimi seriallara da çəkilirsiz. Sizi qane edirmi seriallardakı obrazlarınız və serialların ümumi vəziyyəti?

- Yaradıcılıq olmayanda yaradıcı insan əziyyət çəkir. Hər dəfə özümə söz verirəm ki, daha heç bir seriala çəkilməyəcəm. Lakin sonra içimdəki mənəvi aclıq məni yenidən çəkilməyə məcbur edir. Teatr yoxdu deyə bu aclığı hiss edirəm. Hər zaman demişəm serial sənət deyil. Burada peşəkarlığından istifadə edirsən. Lakin teatr tamam başqadır, özünü mütləq obraza kökləyirsən. Günlərlə bu obrazla yaşayırsan. Mənim adımı problemli aktrisa qoyublar. Problem də budur ki, mən rejissorlara qarşı tələbkaram. Dramaturgiya mütləq yaxşı olmalıdır. Deyirəm mənə verilən obraz bir qədər başqa cür yazılsa daha yaxşı olar. Bir peşəkar kimi ortaya öz tələblərimi qoyuram və nəticədə rejissorlar mənim kimi aktrisa ilə işləmək istəmirlər. Müqavilə tələb edirəm. Çünki bəzən bir illik müqavilə bağlayırıq, sonra pozurlar. Yəni ya məni maşın vurur, ya da həbsxanaya düşürəm. Sonra da komadan qayıtmıram, həbsdən də çıxmıram, beləcə işimə son verilir.

- Son çəkildiyiniz film barədə nə deyə bilərsiniz?

- Bu yaxınlarda bir İndoneziya filmində çəkildim. İndoneziyadan çəkiliş qrupu gəlmişdi. Azərbaycanlı ailəsi ilə bağlı çəkilişlər oldu. Film azərbaycanlı qızla indoneziyalı oğlanın sevgisindən bəhs edirdi. Mən bu filmdə qızın anasını canlandırırdım. Onların çəkiliş kollektivinin iş prinsipinə, aktyorlara olan münasibətinə heyran qaldım. Çəkilişlər bir neçə gün Şamaxıda baş tutdu. Hava çox soyuq olduğundan bir nəfər adyalla dayanır. Çəkiliş bitən kimi bizi bürüyürdülər ki, soyuq olmasın.

- Canlandırdığınız obrazlar barədə nə deyə bilərsiz? Arzusunda olduğunuz obraz varmı? Yaxud da oynamaq istədiyiniz bir tərəf müqabili?

- Bunu vurğulamaq istəyirəm ki, daha “ana” rolu oynamaqdan yorulmuşam. Çünki mən həyatda da anayam. Düzdü deyirlər ki, sənə bu yaşda hansı obrazı verək? Obrazın xarakterik olması önəmlidir. Mən yaşda bir qadın şirkət müdiri, həbsxanaya düşmüş bir qadın da ola bilər. Yəni mürəkkəb psixoloji bir obraz olsun. Onu oynamaq üçün mən axtarışlar edim, düşünüm. Ana obrazında mən özümü oynayıram. Arzulayıram ki, Rövşən İsaq hansısa bir filmində mənə rol versin. Cəfər Cabbarlının “Sevil” pyesindəki “Edilya”nı canlandırmaq istəyərdim.

- Son zamanlar filmlərdə və seriallarda yer verilən açıq-saçıq səhnələr barədə nə deyə bilərsiniz? Aktrisaların açıq-saçıq geyimləri və fotosessiyaları barədə nə düşünürsünüz?

- Çox təəssüf ki, gənclər sənətini ortaya qoymazdan öncə ulduz olmaq, tanınmaq istəyirlər. Amma bunun üçün müəyyən bir yol, zaman lazımdır. Əsas odur ki, bu yolu keçib gələsən. Təəssüf olsun ki, oxucu, tamaşaçı sənətdən çox şou-biznes adamının evi, geyimi, maşını ilə maraqlanır. Sənəti o qədər ucuzlaşdırıblar ki, ən sonra sənətə baxılır. Mən sosial şəbəkədə çox aktivəm. Studiyada bir şeir yazdırıb, onu çox normal bir geyimdə təqdim edən zaman o şeiri çox az adam bəyənir. Çox açıq-saçıq geyinən biri deyiləm. Lakin bir az qəşəng paltarda, bədəni vurğulayan geyimdə bir şəkil paylaşım hər kəs bəyənir. Bəlkə də bunun da günahı bizdədir. Biz camaata nəyi təqdim ediriksə, onu həzm edir. Bu gün hamı deyir "mən televiziyaya baxmıram”. Doğrudan da baxılası verilişlər yox səviyyəsindədir. Axı ziyalılar nəyə baxsın. Əvvəllər televizyaya bir inam var idi. Bir məsələ olan kimi deyirdilər “axşam televizorda dedilər”. İndi bu inam yoxdur.

- Hansı səbəbdən bizim tamaşaçı öz filmlərimizdə yer verilən intim səhnələri tənqidlə qarşılayır, qəbul etmək istəmir?

- Bizdə intim səhnələri çəkə biləcək rejissor yoxdur. Bu cür səhnələri o qədər gözəl oynamalısan ki, tamaşaçı qəbul edə bilsin. Mən təsəvvür edə bilmirəm ki, Azərbaycanda elə bir rejissor olsun ki, öpüşmə səhnəsini gözəl şəkildə təqdim etsin. Dünya kinosunda sevişmə səhnəsi normal qarşılanır, lakin bizdə qəbul olunmur. Öz filmlərimizdə bu səhnələrə baxanda “ətimiz tökülür”.

- Gündəmdə olan aktrisalardan kimlərin uğuruna inanırsınız?

- Bəyəndiklərim çoxdur. Kimlərinsə adını sadalamağı unudaram. Günay Əhmədi çox bəyənirəm. Gənclərin əksəriyyəti mənim tələblərim olub. Çox gözəl münasibətimiz var. Gənclik haqqında pis düşünmək istəmirəm.

- Gələcək planlarınız barədə nə danışa bilərsiniz?

- Çox maraqlı bir layihəm var. Bunun üçün bir teatrın direktoru ilə də görüşdüm. Cəfər Cabbarlının bir neçə qadın obrazını bir ssenaridə birləşdirib monotamaşa hazırlamaq istəyirəm. Bunu üçün mütləq sponsor lazımdır. Çox adama müraciət etdim. Mənə dedilər ki, “bu sənin nəyinə lazımdır”. Cəfər Cabbarlı elə şəxsiyyətdir ki, onun əsərlərini oxuduqca hər zaman yeni nələrsə tapıram. Lakin bu, hələ də arzu olaraq qalıb.

Aynur Ələkbər

AzNews.az