Əhməd bəy Ağaoğlu türkçülük ideologiyasının ən tanınmış simalarından biridir

25 Dekabr 2019 17:15 (UTC+04:00)

Dekabrın 25-də Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

BSU-dan bildirilib ki, tədbiri giriş sözü ilə açan elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov böyük fikir, düşüncə sahibi olan Əhməd bəy Ağaoğlunun yalnız xalqımızın deyil, bütün türk dünyasının qüdrətli zəka sahibi kimi xarakterizə edib. Qeyd edib ki, Əhməd bəy Ağaoğlu türkçülük ideologiyasının ən tanınmış və ən nüfuzlu simalarından biridir.

Tədbirdə Prezident İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 10 aprel tarixli Sərəncamının əhəmiyyəti vurğulanıb.

Sonra Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Pedaqogika və psixologiya kafedrasının müəlimi Aynur Qasımova “Əhməd bəy Ağaoğlunun təhsil illəri”, kafedranın müəllimləri Səbinə Cəfərova “Əhməd bəy Ağaoğlunun ailəsi haqqında”, Vüsalə Qurbanova “Əhməd bəy Ağaoğlunun İslam dünyasında qadına münasibət barədə düşüncələri”, Jurnalistika kafedrasının müdiri, professor Şəlalə Həsənova “Əhməd bəy Ağaoğlunun jurnalist fəaliyyəti”, Hazırlıq şöbəsinin dinləyicisi Səmən Başağa “Əhməd bəy Ağaoğlunun Türkiyə Respublikasındakı ictimai-siyasi fəaliyyəti”, Beynəlxalq münasibətlər kafedrasının dissertantı Günel Üstündağ “Əhməd bəy Ağaoğlu və Mustafa Kamal Atatürk”, Pedaqogika və psixologiya kafedrasının müəllimi Afaq Nəsibova “Əhməd bəy Ağaoğlu “Difai” Partiyasının yaradıcısı kimi” mövzularında çıxış ediblər.

Çıxış edənlər Əhməd bəy Ağaoğlunun çətin və keşməkeşli həyat yolundan, zəngin ictimai-siyasi və bədii-publisistik fəaliyyətindən danışıblar.

AzNews.az