Çin ən böyük raketdaşıyıcısını buraxdı

27 Dekabr 2019 19:56 (UTC+04:00)

Çin özünün ən böyük raketdaşıyıcısı olan “Long March-5 Y3”ün buraxılışını həyata keçirib.

Yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə 16:45) Çinin cənubundakı Xaynan adasında yerləşən Vençan kosmodromundan buraxılan raketdaşıyıcı “Shijian-20” adlı eksperimental texnologiya peykini orbitə çıxarıb. Çəkisi 8 tondan çox olan “Shijian-20” Çinin ən ağır və ən son texnologiyaya əsaslanan kommunikasiya peykidir. Buraxılışdan 37 dəqiqə sonra peyk yer səthindən 36 min kilometr yüksəkliyə - geosinxron orbitdə planlaşdırılan nöqtəyə çatıb.

Qeyd edək ki, uzunluğu 57 metr olan “Long March-5 Y3” raketdaşıyıcısı dekabrın 21-də kosmodromdakı buraxılış yerinə şaquli formada nəql edilmişdi. Raket Çinin kosmik fəaliyyətinin gələcəyi üçün vacib əhəmiyyətə malikdir.

Belə ki, Çinin ilk Mars zondunu, habelə Aydan nümunələri Yerə gətirmək üçün “Change-5” zondunu orbitə çıxarmaq ona həvalə olunacaq. Bundan başqa, raketin modifikasiya edilmiş versiyası Çinin kosmik stansiyasının qurulmasında istifadə olunacaq.(AZƏRTAC)

AzNews.az