Türkiyə Azərbaycan qazının idxalını 30% artırıb

28 Dekabr 2019 10:44 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Türkiyə Azərbaycandan 7,79 kubmetrdən artıq qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, Türkiyə ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan 6 mlrd. kubmetrə yaxın qaz idxal edib.

Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur. Yanvar-oktyabr aylarında bu ölkədən Türkiyəyə təxminən 12,21 mlrd. kubmetr "mavi yanacaq" ixrac olunub. Üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 6,02 mlrd. kubmetrdən çox qaz nəql edib.

Qeyd edək ki, ötən dövr ərzində Türkiyənin qaz idxalı 31,63 mlrd. kubmetrə yaxın təşkil edib.

AzNews.az