Məzahir Pənahov: “56 nəfər parlament seçkilərində iştirakını dayandırıb"

28 Dekabr 2019 15:31 (UTC+04:00)

"Azərbaycanda 3 siyasi partiya fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı hələ ki, namizəd irəli sürməyib".

Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər müraciət edən 1611 nəfərdən 293-ü 17 siyasi partiya tərəfindən irəli sürülüb:

“Ancaq hələ ki, 3 siyasi partiya tərəfindən seçkilərdə iştirak etmək üçün namizədlər irəli sürülməyib. Yəqin ki, yaxın vaxtlarda həmin siyasi partiyalar da öz namizədlərini irəli sürəcəklər”.

Onun sözlərinə görə, namizədlərin 293 nəfəri 17 siyasi partiya tərəfindən irəli sürülüb: "13 nəfər təşəbbüs qrupları tərəfindən, 1305 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".

M.Pənahov qeyd edib ki, müraciət edən şəxslərin 1202 nəfərinin namizədliyi artıq təsdiq olunub:

“Onlardan 1012 nəfəri isə imza vərəqələrini artıq götürüb, 124 nəfəri qaytarıb, 16-ı isə qeydə alınıb. 56 nəfər isə seçkilərdə iştirakını dayandırıb”.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək. Seçkilər 125 dairəni əhatə edəcək. (APA)

AzNews.az