Deputat Misir Mərdanovun arxasınca danışdı

24 May 2013 10:40 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Zahid Oruc Azərbaycanda təhsilin vəziyyətindən danışıb. "Son zəng" gününün yaxınlaşdığını xatırladan deputat Misir Mərdanovun təhsil naziri postundan çıxarılmasına münasibət bildirərək, bu addımın doğru olduğunu diqqətə çatdırıb.

"Təhsil nazirin çıxarılması bu işdə böyük bir irəliləyişdir. Təbii ki, bu sahədə ciddi problemlər var idi. Təhsilin inkişafı üçün bu sahəyə diqqət etmək lazımdır. Yerlərdə təhsil şöbələri icra orqanlarına tabedirlər. Doğru olar ki, onlar birbaşa Təhsil Nazirliyinə tabe olsunlar. Hesab edirəm ki, Təhsil Nazirliyi ilə TQDK birgə fəaliyyət göstərməlidir".

Deputat daha sonra bildirib ki, elə ümumtəhsil ocaqları var ki, oradan ali məktəbə heç bir nəfər də olsa, qəbul ola bilmir. Z.Oruc qeyd edib ki, sabah orta məktəblərdə "Son zəng"dir, bu, Milli Məclisin də "son zəng"idir.

Spiker Oqtay Əsədov Zahid Orucun bu çıxışına münasibət bildirərək, qeyd edib ki, bu məsələləri qarışdırmaq olmaz. "Məsələləri qarışdırmayın. Milli Məclisin "son zəngi" 2015-ci ilin noyabrında olacaq".

AzNews.az