Rusiya XİN Qarabağ münaqişəsi ilə bağlı dialoqun davam etdiriləcəyinə ümidvardır

17 Yanvar 2020 23:12 (UTC+04:00)

2019-cu ildə Dağlıq Qarabaq münaqişəsinin həlli istiqamətində mühüm dəyişiklik baş verməyib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2019-cu ildəki fəaliyyətinə dair yekun mətbuat konfransında verilən suallara cavabda bildirilib.

Nazirliyin saytında yerləşdirilən cavabda qeyd olunub ki, 2019-cu ilin mart ayında Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında əldə edilmiş razılıqların davamı olaraq aprel ayında Moskva şəhərində xarici işlər nazirlərinin də razılığa gəldikləri “kiçik addımlar”la bağlı müəyyən irəliləyişlərin olduğu göstərilir:

“Sərhəddə və təmas xəttində nisbi sakitlik davam edir. Yerevanla Bakı arasında qaynar rabitə xətti fəaliyyət göstərir. Jurnalistlər mübadiləsi həyata keçirilib, əsirlikdə olan Zaven Karapetian və Elvin İbrahimov geri qaytarılıblar, başqa dustaqlarla bağlı işlər davam etdirilir, bu işlərə Beynəlxalq Qırmızı Xaç Komitəsi də cəlb edilib”.

“Fikrimizcə, bütün bunlar tərəflərin əhalini sülhə hazırlamaq istiqamətində konkret addımlar atmaq niyyətindən xəbər verir. Lakin həll prosesinin mahiyyəti məsələlərinə dair irəli getmək hələləik mümkün olmayıb. Bu mövzu Sergey Lavrovun bu yaxınlarda Yerevana və Bakıya səfərləri zamanı müzakirə olunmuşdu. Yaxın gələcəkdə tərəflər arasında əməli mükalimənin davam etdiriləcəyinə ümid var. Biz də Minsk qrupu həmsədrliyinə dair fransalı və amerikalı həmkarlarımızla birgə lazımi dəstək göstərəcəyik”, - Rusiya XİN-dən vurğulanıb. (Report)

AzNews.az