Çində yayılan və dünyanı qorxuya salan virus haqda dəhşətli faktlar

23 Yanvar 2020 16:42 (UTC+04:00)

Son məlumatlara əsasən, artıq 570-dən çox insan bu virusa yoluxub. Ölənlərin sayı isə artıq 17 nəfərə çatıb.

Bu koronavirusun Azərbaycanda da yayılması ilə bağlı əhali arasında bir neçə gündür panika yaranıb.

Rəsmi məlumata görə, Azərbaycanda sözügedən koronavirus aşkar edilməyib. Səhiyyə Nazirliyindən verilən xəbərə görə, ötən il dekabrın 31-də Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. Koronavirus soyuqdəymədən tutmuş Orta Şərq respirator sindromu və şiddətli kəskin respirator sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

Ən son dünya 10 il bundan öncə dəhşətli “Donuz qripi” virusu ilə üz-üzə qalmışdı.

Hazırda koronavirus Çini və dünyanı qorxuya salıb. Virus ağır kəskin tənəffüs çatışmazlığı sindromu kimi təsvir edilir. Virus əsasən Vuhanqda, Pekində və Quanqdonqda yayılıb. Çinin Səhiyyə nazirliyi rəsmiləri virusdan qorunmaq üçün xalqa çağırışıb edib.

Honkqonqlu mütəxəsislər koronavirusunun genetik quruluşunun 80 faiz SARS epidemiyasına bənzədiyini deyir.

SARS virusu 2003-cü ildə Asiyada qeydə alınıb, ağır kəskin respirator sindrom virusları qrupuna aiddir. 2003-cü ildə SARS səbəbiylə Çində 349, Honkqonqda isə 299 adam həlak olmuşdu.

Koronavirus haradan yayılıb?

Virusun ilk təsbit olunduğu yer Vuhandakı bir balıq bazarı olub. Yanvar ayının 1-dən bağlanan bazardakı bir çox satıcı bu xəstəliyə yoluxanlardandır.

Xəstəliyin əlamətləri hansılardır?

Bu virus əsasən sətəlcəmə səbəb olur. Yəni ağır və ölümcül bir ağciyər pnevmoniyasıdır.

Simptomlar: Yüksək hərarət, öskürək, boğaz ağrısı və yorğunluq hissi. Pasteur İnstitutundan tədqiqatçı həkim Arnaud Fontanetin dediyinə görə, insanlara təsir edən yeddinci növ koronavirusdur. Bu viruslar öz adlarını tac meydana gətirən protein kapsullarından götürürlər.

Bu virusa müvəqqəti olaraq "2019-nCOV" adı verilib.

Virus insandan insana keçirmi?

Çinli alim Jong Nanşan televiziyada xəstəliyin insandan insana keçdiyinin açıq şəkildə müşahidə olunduğunu açıqlayıb. İngilis tədqiqatçı Ceremi Farrar da verdiyi açıqlamada, bu ehtimalın yüksək olduğunu bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun mənbəyinin bir heyvan ola biləcəyini və yaxın təmasda bir insandan insana ötürülə biləcəyini dünya ictimaiyyəti ilə paylaşıb.

Bu virusun dünyaya yayılması qorxusu varmı?

Bu sirli virusun izləri indiyədək Avstraliyada tapılıb. Evindən çıxmasına icazə verilməyən şəxsin bir müddət Vuhanda qaldığı məlum olub.

Çində yeni il şənlikləri və tətillər zamanı xəstəliyin ortaya çıxması epidemiyanın sürətlə yoluxma riskini artırıb. Çünki bu dövrdə nəqliyyatda immiqrasiya dalğası üstünlük təşkil edir. Milyonlarla çinlilər avtobuslardan, qatarlardan və təyyarələrdən istifadə edərək ailələrinə baş çəkirlər. Xəstəliyin yayılma riskinə baxmayaraq, Pekin rəhbərliyi indiyə qədər səyahətləri məhdudlaşdırmayıb.

Son olaraq isə Rusiyada ölümcül “2019-nCoV” koronavirusuna yoluxma ehtimalı ilə iki nəfər xəstəxanaya yerləşdirilib.

Virusun qarşısını almaq üçün hansı tədbirlər görülür?

17 yanvar tarixindən etibarən Amerika Birləşmiş Ştatları (ABŞ) Vuhandan uçuşlara xüsusi nəzarət edir.

İki nəfərin virusa yoluxduğu Taylandda da hava limanlarında nəzarət gücləndirilib.

Avstraliyada da Vuhandan gələn sərnişinlər üzərində xüsusi testlər aparılır və nəticələr açıqlanana qədər onlar xüsusi otaqlarda saxlanılır.

İndiyə qədər Beynəlxalq Səhiyyə Təşkilatı səyahətlərin məhdudlaşdırılması ilə bağlı təklif verməyib. Təcili olaraq Cenevrədə iclac keçirəcək təşkilat, qlobal miqyasda ictimai səhiyyə ilə əlaqədar fövqəladə vəziyyətin elan edilib-edilməməsini müzakirə edəcək. (musavat.com)

AzNews.az