Ümumdünya Səhiyyə Təşkilatı dünyanı koronavirusa qarşı hazırlığa çağırıb

24 Yanvar 2020 14:17 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni 2019-nCoV koronavirusa qarşı lazımi tədbirlər görməyə hazır olmağı tövsiyə edib.

Bu barədə Beynəlxalq Səhiyyə Tənzimləmə Fövqəladə Komitəsinin yeni koronavirusla bağlı yanvarın 22-də keçirilən iclası ilə bağlı ÜST-ün yaydığı açıqlamada bildirilir.

Rəsmi açıqlamada deyilir ki, bundan sonra xəstəlik hallarının beynəlxalq yayılmasının hər bir ölkəyə şamil ola biləcəyi gözlənilir:

"Beləliklə, bütün ölkələr fəal nəzarət, erkən aşkarlanma, tədric və idarəetmə, təmasları izləmə, 2019-nCoV virusunun törətdiyi xəstəliyin daha da yayılmasının qarşısını almaq, ÜST-ə müfəssəl məlumatları təqdim etmək kimi qabaqlayıcı tədbirlər görməlidir”.

Bununla yanaşı, insanların yoluxmasına, virusun təkrar ötürülməsinə, beynəlxalq miqyasda artmasına qarşı tədbirlərin vacibliyi vurğulanan açıqlamada koronavirusla bağlı beynəlxalq fövqəladə vəziyyət tətbiq etməyə ehtiyac olmadığı vurğulanır.

Qeyd edək ki, hazırda Pekində əhalinin səhhəti ilə bağlı fövqəladə hallara qarşı ən yüksək hazırlıq səviyyəsi elan olunub. Hazırda paytaxtda koronavirusa 29 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Yoluxanlardan birinin vəziyyəti nisbətən ciddi, qalanların isə sabit vəziyyətdə olduğu, yaxşılaşmağa doğru getdiyi bildirilir. (Report)

AzNews.az