"Təcili qarşısı alınmasa..." - Alman nazirdən yəhudilərlə bağlı xəbərdarlıq

27 Yanvar 2020 13:26 (UTC+04:00)

“Təcili qarşısı alınmasa, yəhudilər ölkəni kütləvi şəkildə tərk edə bilər”.

AzNews.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Mas “Auşvits” (Auschwitz) həbs düşərgəsinin qurtuluşunun 75-ci il dönümündə “Der Spiegel” jurnalına yazdığı yazıda bildirib.

O, buna səbəb kimi yəhudilərə qarşı edilən irqçiliyi göstərib. Nazir onlara edilən təhqir və hücumların artıq hər gün baş verən hadisəyə çevrildiyini deyib.

“Bu cür düşüncələrin acı reallığa dönüşməməyi və yəhudilərin Almaniyadan kütləvi şəkildə getməyinin qarşısını almaq üçün təcili tədbirlər görməliyik”, - deyə H. Mas vurğulayıb.

Qeyd edək ki, hazırda Avropa Birliyinə üzv olan bir çox ölkədə Holokost hadisələrini inkar etmək cinayət sayılır.

Xatırladaq ki, İkinci dünya müharibəsi zamanı baş vermiş Holokost hadisələri bütün Avropa qitəsində yaşayan yəhudilərin öldürülməsi məqsədilə təşkil olunub. Nasist Almaniyasının rəhbərliyi ilə geniş miqyasda təşkil olunan bu əməliyyat nəticəsində təqribən 6 milyon etnik yəhudi öldürülüb. Nasistlər tərəfindən işğal olunmuş Polşa ərazisində yerləşən təkcə Auşvits həbs düşərgəsinin qaz kameralarında 1 milyondan çox yəhudi qətlə yetirilib. Yəhudilərlə birlikdə çox sayda qaraçı, gey və əlil insanlar öldürülüb.

Auşvits həbs düşərgəsi 27 yanvar 1945-ci il tarixində Sovet qoşunları tərəfindən azad edilib. Həmin gün Beynəlxalq Holokost qurbanlarının Anım Günü olaraq qeyd edilir.

Pərvanə