Taliban ABŞ hərbçilərini daşıyan təyyarəni vurub

27 Yanvar 2020 18:39 (UTC+04:00)

"Taliban" Əfqanıstanın Qəzni vilayətində ABŞ hərbi qüvvələrini daşıyan təyyarəni vurub.

AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, məlumatı "Taliban" sözçüsü Zabihullah Mujahid yayıb.

"Kəşfiyyatda olan təyyarə Qəzni vilayətinin Deh Yak rayonunun Sado Khel kəndində vurulub", - o deyib.

Z. Mujahid əlavə edib ki, yüksək rütbəli ABŞ hərbçiləri də daxil olmaqla təyyarənin göyərtəsindəki hər kəs ölüb.

Əfqanıstan mətbuatı vurulan təyyarənin göyərtəsində 83 nəfərin olduğunu yazır. Hələlik bununla bağlı rəsmi açıqlama yoxdur.

Qəza ilə bağlı araşdırma aparan yüksək rütbəli məmurlardan biri heç bir ABŞ rəsmisinin ölmədiyini və qəzanın səbəbini araşdırıldığını bildirib.

Xatırladaq ki, Əfqanıstan Hava Yollarına (Ariana Afghan Airlines) məxsus təyyarənin qəzaya uğraması barədə məlumat yayılıb. Daha sonra aviaşirkətin icraçı direktoru Mirvays Mirzakval “Ariana Afghan Airlines” təyyarəsinin qəzaya uğraması barədə məlumatı təkzib edib.

Pərvanə