Masallıda 16 yaşlı qız toyundan sonra ölüb - Dövlət qurumları araşdırmalara başladı

29 Yanvar 2020 16:54 (UTC+04:00)

Masallı rayonunda yetkinlik yaşına çatmayan qız ərə verildikdən bir neçə gün sonra ölüb.

Rayon Prokurorluğundan “Report”a bildirilib ki, qızın meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizasına təqdim edilib. Hazırda Masallı Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də Masallı rayonunda toyundan sonra dünyasını dəyişən 16 yaşlı qızın ölümü ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, hazırda Dövlət Komitəsinin nümayəndələri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə araşdırmalara başlayıb:

“Bizim tərəfimizdən araşdırma monitorinq komissiyaları vasitəsilə aparılır. Araşdırmalar hüquq-mühafizə orqanları ilə birlikdə həyata keçirilir. Prosesə hüquqşünas və psixoloqlar da cəlb olunub. Araşdırmaların nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.

E.Səfərov xatırladıb ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi üzrə monitorinq mexanizmi yaradılıb:
"Bir daha bəyan edirik ki, uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranış yolverilməzdir və bu cür hallarda qanunvericiliyə əsasən həmin şəxslər mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq konvensiyalara əsasən, xüsusi ilə də Uşaq hüquqları haqqında konvensiyaya görə yetkinlik yaşına çatmamış şəxslər uşaqlar kimi qeydə alınıb və uşaqların nikaha cəlb edilməsi yolverilməzdir. Bununla bağlı cinayət məsuliyyəti nəzərdə tutulub".

Qeyd edək ki, ölən qızın iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirildiyi bildirilir.

Hadisə ilə bağlı ilk xəbəri Qafqazinfo.az saytı yayıb.

AzNews.az