Kənd təsərrüfatının dayanıqlı inkişafına yönəlmiş tədbirlər öz bəhrəsini verməkdədir

30 Yanvar 2020 15:08 (UTC+04:00)

"2019-cu ildə kənd təsərrüfatında rekord göstərici əldə edilib. Yəni, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ilin iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə dediyi bu sözlər ölkəmizdə aqrar sahədə aparılan islahatların ən yüksək səviyyədə qiymətləndirilməsidir. Bu qiymətləndirmə üçün isə ciddi əsaslar var. Belə ki, bir vaxtlar neft sektorunun inkişafı fonunda, demək olar ki, görünməz qalmış kənd təsərrüfatı indi özünün yeni inkişaf dövrünü yaşayır. Ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar aqrar sahədən də yan keçməyib ki, bu da öz bəhrəsini verməkdədir.2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, ötən il kənd təsərrüfatı təxminən 7 faiz artıb, xüsusilə bitkiçilikdə bu artım 10 faizdən çoxolub ki, bu da görülmüş işlərin nəticəsidir.

Təbii ki, kənd təsərrüfatında yüksək göstəricilərə birdən-birə nail olunmayıb. Regionların sosial-iqtisadi inkişafı üzrə2004-2008, 2009-2013 və 2014—2018-ci illəri əhatə edən dövlət proqramları çərçivəsində aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər artıq 15 ildən çoxdur ki, ölkədə əsas prioritet istiqamətlərdəndir. Aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, bu sahədə infrastrukturun yaxşılaşdırılması, dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələrin reallaşdırılması, həyata keçirilən meliorativ tədbirlər, aqrotexniki xidmət işlərinin yerinə yetirilməsinin keyfiyyətini yüksəltmək üçün “Aqrolizinq” ASC-nin yaradılması, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi və s. kimi tədbirlər bu sahənin inkişafına ciddi təkan verib. Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilib, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılıb. İri fermer təsərrüfatları, aqroparklar, intensiv bağçılıq təsərrüfatları, müasir istixanalar, logistik mərkəzlər yaradılıb, kənd təsərrüfatı məhsulları istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazası möhkəmləndirilib.

Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılıq, baramaçılıq, ipəkçilik, tütünçülük, çəltikçilik, çayçılıq, fındıqçılıq, sitrus meyvəçiliyi, üzümçülük və şərabçılığın inkişafı istiqamətində imzalanmış sərəncamlar, təsdiq olunmuş sahəvi proqramlar, eləcə də istehsalçılara subsidiyaların verilməsi haqqında qəbul olunmuş qərarlar müvafiq sahələr üzrə istehsal və ixrac potensialının artırılmasına və məşğulluq səviyyəsinin yüksəlməsinə mühüm təkan verib.

Son illər bir sıra kənd təsərrüfatı müəssisələrinin yenidən istifadəyə verilməsi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti, “Azəraqrar Dövlət İstehsal və Emal Birliyi” MMC-lər, Aqrar Elm və İnnovasiya Mərkəzi, Aqrar Tədqiqatlar Mərkəzi, “Aqrar Tədarük və Təchizat” ASC, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Xidmətlər Agentliyinin yaradılması, kənd təsərrüfatı texnikası, damazlıq heyvan və gübrə bazarının liberallaşdırılması ilə yanaşı, ölkəmizdə ilk dəfə olaraq aqrar sığortanın genişmiqyaslı tətbiqi üçün hüquqi baza formalaşıb. Ötən il Milli Məclis tərəfindən “Aqrar sığorta haqqında” Qanun qəbul olunub, Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini və “Aqrar sığorta predmetinin tərkibi”ni təsdiqləyib. Bununla da Azərbaycanda aqrar sığorta mexanizminin Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulmasına start verilib. Bu modelin üstünlüyü ondadır ki, dövlət-özəl sektor əməkdaşlığına əsaslanır və ciddi nəticələrə hesablanıb. Belə ki, aqrar sığorta mexanizminin tətbiqinə başlanması kənd təsərrüfatının inkişafını təmin edəcək əsas amillərdən biri kimi qəbul olunur.

İslahatlar, ilk növbədə, lizinq fəaliyyəti ilə bağlı həyata keçirilmiş islahat nəticəsində bazarda azad və rəqabətli şərait formalaşıb. Texnika və damazlıq heyvanlara tətbiq edilən güzəştlərin həm də bütün özəl şirkətlərə tətbiq edilməsinə başlanıb. Ötən il 4117 texnikanın təxminən 3 mini fermerlərəözəl şirkətlər tərəfindən satılıb. Bütün rayonlarda Dövlət Aqrar İnkişaf mərkəzləri formalaşdırılıb ki, burada fermerlərə “Bir pəncərə” prinsipinə uyğun 60-a yaxın xidmət göstərilir.

İslahatlar nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması tamamilə yeni qaydalar əsasında təsdiqlənib. Yeni subsidiya qaydalarının məqsədi bu sahədə ixrac potensialımızı möhkəmləndirmək və kənd təsərrüfatında məşğulluğu daha da artırmaqdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydası fermerlərə dövlət dəstəyi olaraq tətbiq edilən əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyalarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən verilməsini nəzərdə tutur.

Məhz bu kompleks tədbirlər, xüsusən də aqrar sahəyə dövlət dəstəyinin gücləndirilməsinin nəticəsidir ki, 2019-cu təsərrüfat ili yüksək nəticələrin əldə olunduğu illərdən biri sayılır. Ötən il əkin balansının əsas hissəsini təşkil edən taxılçılıqda 3 milyon 538 min ton məhsul istehsal olunub ki, bu da 2018-ci ilə nisbətən 6,9 faiz çoxdur. Buğdanın məhsuldarlığı təxminən 32,4 faiz sentner təşkil edib ki, bu da 2018-ci ilə nisbətən təqribən 2 sentner çox və yaxud 7,6 faiz artım deməkdir. Pambıqçılıqda ümumi məhsul artımı 26,4 faiz olub, məhsuldarlıq isə 67,6 faiz artıb. Günəbaxan istehsalı 43,3 faiz, kartof istehsalı 11,7 faiz, tərəvəz 12,17 faiz, bostan məhsulları 11,4 faiz, meyvə-tərəvəz istehsalı isə 8,8 faiz artıb. Əsas artım sahələrindən birini üzümçülük təşkil edib. Heyvandarlıqla bağlı artıma gəlincə, ət diri çəkidə 3 faiz, süd 2,4 faiz, yumurta istehsalı 9 faiz, yun istehsalı 1,6 faiz, barama istehsalı isə 25,3 faiz artıb. “Aqrar Tədarük və Təchizat” ASC-nin həyata keçirdiyi “Şəhərdən Kəndə” aqroekoturizm turlarına 800-dən çox turist qoşulub ki, onların 100-dən çoxu əcnəbi turist olub. Aqroekoturizm layihəsinin icrasından keçən qısa müddət ərzində İsmayıllı, Zaqatala, Şamaxı, Göyçay, Lənkəran, Quba, Balakən, Şəki və Hacıqabul istiqamətlərində 40-dan artıq tur həyata keçirilib.

Hal-hazırda icra olunan “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində də aqrar sahəyə aid bir sıra mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur ki, bunlar ölkənin mühüm növ ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi,ekoloji təmiz məhsul istehsalının artırılması,əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək. Bu məqsədlə kənd təsərrüfatında istehsalın intensiv üsullarla artırılması üçün dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, fermer tərəfdaşlığıvə kənd təsərrüfatında kooperasiyanın inkişafının təşviqi, aqrar-sənaye inteqrasiyasının inkişafının dəstəklənməsi, innovativ təsərrüfatçılıq formalarının yaradılması və inkişafının dəstəklənməsi mexanizmlərinin həyata keçirilməsi, sahibkarların və fermerlərin maliyyə resurslarına çıxış imkanlarının asanlaşdırılması, yerlərdə ekoloji təmiz məhsul istehsalının inkişafının dəstəklənməsi kimi siyasət tədbirlərinin həyata keçirilməsi planlaşdırılır. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı məhsullarının istehsal və emal həcmində yüksək artım dinamikası əldə ediləcək, regionların məhsul istehsalı və emalı üzrə ixtisaslaşması dərinləşəcək. Bu tədbirlər nəticəsində qeyri-neft ixracının həcmi və çeşidi daha da artacaq, kiçik fermer təsərrüfatları inkişaf edərək müasir və iri fermer təsərrüfatları yaranacaq, həmçinin, istehsal olunan məhsul və xidmətlərin rəqabətqabiliyyətliliyi daha da artacaq.

2020-ci ildə qarşıda duran vəzifələrə gəlincə, əsas vəzifələr fermerlərin toxum, gübrə və texnikaya əlçatanlığını daha da asanlaşdırmaq və bu sahədə müvafiq tədbirlər görmək, həmçinin aqrar sığortanın tətbiqi ilə bağlı müəyyən təşkilati tədbirlərin icrasıdır. Fermerlərin maarifləndirilməsi, xüsusilə də mütərəqqi metodların, innovasiyaların tətbiqi sahəsində maarifləndirilmə də əsas istiqamətlərdən biri olacaq.

Nahid Bağırov,

62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd