Vüqar Əhmədov: "Özünü tanıya bilməyən şəxs niyə namizədliyini irəli sürüb?"

4 Fevral 2020 22:56 (UTC+04:00)

09 fevral 2020-ci il tarixində Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində mübarizə aparacaq namizədlərdən biri də Vüqar Əhmədovdur. O keçirilən seçki kompaniyası barədə suallara cavab verib.

AzNews.az həmin müsahibəni təqdim edir:

- Vüqar bəy, necə gedir seçki kampaniyası?

-Şükür, gözlədiyimizdən daha yaxşı gedir, təbliğat-təşviqat kampaniyasının əksər hissəsini arxada qoymuşuq, seçicilərlə çoxsaylı görüşlər keçirdik, söhbətlər apardıq, platformamız haqqında məlumat verdik. Müxtəlif kommunikasiya metodlarından və təbliğat vasitələrindən istifadə etdik. Bu gün də bu istiqamətdə iş təbliğat dövrü başa çatana qədər davam edəcək.

- Nə deyə bilərsiz bu dəfəki seçkilər haqqında?

-Məncə 09 Fevral, 2020-ci il Milli Məclisə keçiriləcək seçkilər əvvəlkilərindən bir çox cəhətlərinə görə müsbət mənada fərqlənir. Şəxsən özüm yerlərdə namizədlərin nə qədər fəal olmasından, seçicilərlə sıx təmaslarından və bunu sosial mediada geniş işıqlandırmasının şahidi oluram. Bütün bunlar müsbət haldır və seçicilər tərəfindən maraqla qarşılanır.

- Sizcə bu seçkilərdə ən çox diqqəti hansı məqamlar çəkdi?

-Əvvəla ondan başlayım ki, referendumda son mütərəqqi dəyişiklikdən irəli gələrək namizədlərin yaş həddi aşağı endirildi və xeyli sayda daha gənc namizəd seçkidə iştirak etmək şansını qazanıb, hətta aralarında tələbə namizədlər də var, bizim tələbəlik dövrümüzdə belə bir şeyi təsəvvür etmək müşkül məsələ idi. Budəfəki seçkilərdə rekrod sayda namizəd qeydə alınıb və namizədlərin əksəriyyəti seçicilərin diqqətini cəlb etmək üçün fəal təşviqat kampaniyası aparırlar. Bu prosesdə yeni informasiya texnologiyalarından istifadə olunur ki, bu da öz növbəsində prosesi daha da şəffaflaşdırır. Misal üçün mənim təcrübəmdə seçiciləri ən çox təəccübləndirən məqam namizədlərin şəxsən özlərinin seçicilərin evlərinə baş çəkməsi və onlarla söhbət aparmasıdır. Özləri də bildirirlər ki, əvvəlki millət vəkilləri onlara baş çəkib problemləri ilə marqalanmayıblar.

- Maraqlı platformanız var, hansı əsaslarda formalaşdırılıb bu platforma?

-Bilirsiz ki, mən uzun müddət vətəndaş cəmiyyəti sahəsində çalışmışam. Vətəndaşları narahat edən sosial məsələləri öz layihələrimizdə göstərməyə çalışmışıq. Seçki platformamı tərtib etməzdən əvvəl şəxsən özüm imzatoplama prosesində iştirak etdim, seçicilərlə ünsiyyətdə oldum, onları qayğılandıran məsələləri dinlədim və bunları ümumiləşdirərək platformamda əks etdirdim. Bunlar əsasən vətəndaşların sosial qayğıları, yaşadıqları ərazinin kommunal problemləri və sairə məsələləri əhatə edir. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq təşkilatlarda qaldırılması mənim fəaliyyətimdə hər zaman prioritet olub.

- Seçkinin baş tutmasına sayılı günlər qaldıqca namizədlər arasında gərginliyin artması başa düşüləndir. Siz dünənki facebook statusunuzda dairənizdən namizəd olan Erkin Qədirlini tənqid etmisiz. Bunun səbəbini bilmək olarmı?

-Bəli, doğru qeyd deyirsiz. Mən bütün namizədlərə və rəqiblərimə hörmətlə yanaşıram və istəyirəm ki, onlar da namizədliyini verdiyi dairəyə və onun namizədlərinə hörmətlə yanaşsınlar. Erkin Qədirli ilə hər hansı şəxsi bir problemim yoxdur, lakin verdiyi son açıqlamalar məndə müəyyən təəccüb doğurub. Onun bir neçə gün bundan əvvəl yazdığı statusda namizədliyini verdiyi dairəni urvatsız bir dairə adlandırmağı, özü qarışıq heç bir namizədi tanımamağı haqlı sual yaradır ki, bəs o zaman nəyə görə özünü hələ tanıya bilməyən bir şəxs namizədliyini irəli sürüb, hələ üstəlik eyni dairədən 3 dəfə, 2010, 2015 və 2020-ci illərdə. Daha sonra statustunda qeyd edib ki, xasiyyətindən irəli gələrək gedib tanımadığı insanlar, yəni seçicilərlə görüşməyi özünə sığışdırmır. O bilmirmi ki, millət vəkili xalqla fəal işləməlidir və yeri gələndə seçicilərin ayağına getməyi bacarmalıdır. Niyə görə Erkin Qədirli 3-cü dəfə namizədliyini verdiyi dairənin bu xalqdan olan namizədlərinə və seçicilərinə belə hörmətsiz yanaşır. Yaxşı bu adam özünə hörmət eləmir, heç olmasa özünün rəqib kimi tanımadığı, lakin yüzlərlə insanın imza verərək namizəd etdiyi insanlara hörmət eləsin. Bir insanda bu qədər eqoistliyin necə cəmləşdiyi mənə çox maraqlı gəlir.

Daha sonra həmkarı Fərhad Mehdiyevlə bu yaxınlarda internetdə yayımlanan verilişdə bildirib ki, guya hakimiyyət ATƏT-in seçki müşahidə missiyasından müsbət rəy aylmaq istədiyi üçün bəzi dairələri, o cümlədən 16-cı Yasamal II seçki dairəsini seçkilərin demokratik keçirilməsi üçün pilot dairə kimi seçib. Erkin Qədirli bununla nə mesaj vermək istəyir? O və həmkarı ATƏT-in seçki müşahidə missiyasına guya seçkiqabağı pozuntularla bağlı arayışlar göndərməklə əvvəldən özünün seçiləcəyini qaranti altınamı almaq istəyir? Dövlət başçımız ortaya siyasi iradə qoyub və ölkəni əhatə edən bütün dairələrdə tam azad və demokratik seçkilərin keçirilməsini bəyan edib və bunu hər hansı beynəlxalq təşkilatdan müsbət rəy almaq üçün deyil, tam əksinə ölkəmizin demokratik inkişafı üçün edir.

Baxmayaraq ki, məndə bu insanın şəxsi keyfiyyətləri ilə bağlı şübhə doğuran məqamlar var, lakin onun sözügedən ziddiyyətli və özünü təkzib edən, eyni zamanda qarşıdakı insanlara hörmətsiz bəyənatları olmasaydı mən onunla bağlı bir söz deməyəcəkdim, çünki buna ehtiyac duymuram. Başımı aşağı salıb seçki kampaniyam ilə məşqulam, seçicilərlə görüşürəm, sonda seçici ən doğru seçimini edəcək onsuzda, xalqın gözü tərəzidir. Əslində bu şəxsin qaranlıq siyasi keçmişi, Emin Milli və sonrakı liderləri İlqar Məmmədovun həbsi üzərindən özünə siyasi karyera qurması və bütün təhlükələrdən sovuşaraq kənarda qala bilmə fürsəti təsadüfi deyildir. Erkin Qədirli vaxtı ilə hakimiyyətə nüfuz edə bilmiş nurçu qrupun ən dərin kök saldığı dönəmdə bu qrup tərəfindən himayə olunub və bu qrup dəfələrlə onu siyasi təhlükələrdən qoruyub. 2015-ci il parlament seçkilərində öz namizədliyini geri çəkməsi də məhz güvəndiyi nurçu qrupunun hakimiyyətdən uzaqlaşdırılması dönəminə təsadüf etməsi ilə bağlıdır. İndi Siz deyin səmimiyyətdən və xalqından bu qədər uzaq düşmüş bir adamın Milli Məclisdə təmsil olunmağa mənəvi haqqı varmı?

Seçki dövrü ərzində yüzlərlə insanlarla apardığım görüşlərdən bir daha belə qənaətə gəldim ki, özlərini ReAl partiyası adlandıran bu qurumun xalqımız arasında nəinki heç bir nüfuzu yoxdur, ümumiyyətlə bu partiya haqqında çox az adam nəsə eşidib bilir, çünki özünü partiya adlandıran bu təsisatın funksionerləri eqolarını sındırıb virtual həyatdan real həyata keçid edə bilmirlər və virtual aləmdə özlərini böyük qəhrəman hesab edirlər.
Mən bütün namizədlərə bir daha uğurlar arzu edirəm və inanıram ki, 09 Fevral seçkiləri yüksək səviyyədə keçəcək.