İlk növbədə düşüncəmizdə dəyişikliyə nail olmalıyıq - Qüdrət Həsənquliyev

5 Fevral 2020 12:15 (UTC+04:00)

Bu gün 36 saylı Xətai dördüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Xətai rayonu, Zığ şossei 31ünvanında yaşayan seçicilərin təşəbbüsü ilə onlarla görüş keçirib.

AzNews.az xəbər verir ki, görüşdə seçki platformasının əsas istiqamətlərindən söhbət açan Qüdrət Həsənquliyev problemlərin köklü həlli üçün problemlərə kompleks yanaşılmasının zəruruliyini vurğulayıb.

BAXCP sədri qeyd edib ki, nə vaxta qədər deputata Mənzil İstismar Sahəsinin işçisi kimi yanaşılacaq, millət vəkilinin dövlət büdcəsinin və qanunvericilik aktlarının müzakirəsi zamanı sosial və digər problemlərin həlli üçün konkret mexanizmləri əks etdirən ideya və təkliflərlə çıxış etməsi əvəzinə ondan məhəllədaxili yolların təmiri, su, qaz, işıq və digər kommunal xidmətlərlə bağlı çatışmazlıqların aradan qaldırılması tələb ediləcək, biz arzu etdiyimiz irəliləyişə nail ola bilməyəcəyik:

“İlk növbədə düşüncəmizdə dəyişikliyə nail olmalıyıq, sonra isə həyatımızda. Baxın, ölkə həyatının bütün sahələri bir-biri ilə zəncirvari formada bağlıdır. Pensiyaların, işsizliyə görə müavinətlərin artırılması, digər sosial problemlərin yüksək səviyyədə həlli üçün biz ilk növbədə dövlət büdcəsində ciddi artıma nail olmalıyıq. Dövlət büdcəsində ciddi artıma nail olmaq üçün isə ölkədə əlverişli invesitisiya mühiti yaratmalıyıq, sahibkarların kreditlərə çıxışını asanlaşdırmalı, faiz dərəcələrini aşağı salmalıyıq ki, yeni iş yerləri açılsın, insanlar həm işləyib həyatlarını təmin etsinlər, həm də vergi ödəsinlər. Ölkədə əlverişli investisiya mühitinin formalaşdırılması, sahibkarların iş və mülkiyyət hüquqlarının qorunması üçün isə məhkəmələrin müstəqilliyinə nail olmalıyıq. Bütün bu problemlərin həllinə yalnız vətəndaş fəallığı və dəstəyi ilə stimullaşan, yuxarıdan aparılan islahatlar yolu ilə nail ola bilərik”.

Görüşdə iştirak edən seçicilər Qüdrət Həsənquliyevin millət vəkili və siyasətçi kimi fəaliyyətini uzun illərdir ki, yaxından izlədiklərini, onun sosial-iqtisadi, təhsil və digər istiqamətdə səsləndirdiyi fikirləri, irəli sürdüyü təşəbbüsləri bölüşdüklərini, bu səbəbdən də ona səs verəcəklərini bildiriblər. Görüşdə BAXCP sədrinin ictimai və dövlət maraqları ilə bağlı məsələlərdə hər zaman yüksək fəallıq göstərdiyi, prinsipial və obyektiv mövqe sərgilədiyi xüsusi olaraq vurğulanıb.

Daha sonra deputatlığa namizəd Qüdrət Həsənquliyev seçicilərin suallarını cavablandırıb.