Prezident İlham Əliyev Türkiyəyə təşəkkür etdi

5 Fevral 2020 22:19 (UTC+04:00)

"Əminəm ki, bu il də Türkiyə-Azərbaycan əlaqələri uğurla inkişaf edəcək. Keçən il çox böyük uğurlarımız olubdur və birlikdə TANAP-ın Avropa sərhədinə çatdırılmasını qeyd etdik. Bundan başqa, bir çox önəmli layihələr uğurla icra edilir. O ki qaldı Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə, indi bu fəaliyyət daha da genişmiqyaslıdır və artıq bir çox mənbələrdən bu yol vasitəsilə yüklər Avropa istiqamətinə və Asiya istiqamətinə göndərilir. Əminəm ki, bu yolun önəmi getdikcə atacaq və bu, bizim birgə uğurlu layihəmizdir".

AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Fürsətdən istifadə edərək bu yaxınlarda Çindən Azərbaycan vətəndaşlarını təxliyə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Bu, Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. Siz Azərbaycan vətəndaşlarına öz vətəndaşlarınız kimi münasibət göstərdiniz və göndərilən təyyarəyə onları mindirib sağ-salamat Türkiyəyə - onların doğma vətəninə gətirdiniz. Əlbəttə ki, Azərbaycanda bu addım, bu hərəkət çox yüksək qiymətləndirilir".